02 dekabr 2024 12:18
75

Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğu keçirilib, tədqiqat hazırlanıb

Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğu keçirilib, "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinqin aşkarlanması üzrə analitik hesabat" adlı tədqiqat hazırlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq" mövzusunda keçirilən konfrasda məlumat verilib.

Qeyd edilib ki, Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki 12 rayonda yerləşən məktəblərdə sorğu keçirilib. Sorğuda 13-17 yaş aralığında 2351 uşaq iştirak edib. Bu uşaqlar Bakıda təhsil alan 13-17 yaşlı 210 min 104 məktəblinin arasından təsadüfi yolla seçilib.

Sorğuda iştirak edənlər bildiriblər ki, bullinqə məruz qalma halları siniflər arasında statistik olaraq əhəmiyyətli fərq göstərmir. Lakin 7 və 8-ci siniflərdə bullinq hallarının 9-cu sinifdən çox olduğu müşahidə edilir. Digər tərəfdən 11-ci sinifdə bullinq halları 10-cu sinifdən çox görünür. 11-ci siniflərdə əsasən verbal və kiber bullinqə yol verilir.

Tədqiqatda məlumat verilib ki, uşaqların müşahidələrinə görə bullinq daha çox küçədə baş verir. Belə ki, uşaqların 28%-nin bullinq hallarının küçədə, 16,5%-nin isə daha çox məktəbdə baş verdiyini qeyd edib. 6,2% uşaq isə bullinq hallarının daha çox evdə yaşandığını bildirib. Uşaqların ikinci böyük bir qismi, yəni 17,9%-i isə bullinq hallarının daha çox virtual mühitdə, internetdə baş verdiyini qeyd edib.

Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışının səbəbləri ilə bağlı soruşulduqda cavablar qız üstündə, oğlan üstündə, insanlar əsəbi olduğu üçün, paxıllıq və güclərini göstərmək olub.

Sorğu zamanı uşaqlar bullinqin təsirlərini də qeyd ediblər. Təsirlər arasında dərslərin geriləməsinə səbəb olmaq, məktəbə getmək istəməmək, məktəbdə adlarının pis çıxması və ya sosiallaşa bilməməsi, dostlarını itirmək və ya yeni dostlar qazana bilməmək, psixologiyaya təsir etmək, depressiyaya düşmək, özünə zərər vermək kimi hallar göstərilib.

Bundan əlavə, tədqiqatda uşaqların ailə vəziyyətləri, davamiyyətləri, akademik nəticələri, idman-incəsənət fəaliyyətlərinə qoşulmaları ilə bullinqə məruz qalmaq və bullinq törətmək arasında əlaqəyə nəzər yetirilib.