02 dekabr 2024 23:58
911

Vətən sevdalısı

44 günlük haqq savaşımızda Vətənin qeyrətli övladlarının misilsiz şücaəti, qanı, canı  bahasına 30 il yağıya əsir düşən cənnət-məkan Qarabağımız  azadlığa   qovuşdu. Bu çətin, şərəfli yolda  neçə-neçə alovdan keçərək müqəddəs, ulu torpağın bağrına zəfər bayrağını sancan minlərlə qəhrəmanlardan  biri   Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində boya-başa çatan şəhid baş leytenant Vüsal Kazımov olub. Qazanılan parlaq qələbəmizdə xüsusi yeri olan, bütün Azərbaycan xalqının iftixar  mənbəyinə  dönən, günəş ömrü yaşamaqla ölümsüzlüyə qovuşan Vətən sevdalısının dördüncü anım günü  də adına layiq keçdi. Üzlərdə qürurdan yaranan ilahi bir təbəssüm bir daha göstərirdi ki,  Vətənin mətn, xilaskar ər oğlu Vüsal cismən dünyada olmasa da, xalqın ona bəslədiyi sevgi, məhəbbət  qərinələr boyunca tükənməz.  Lənkəran rayonunun rəsmiləri, Astara Pedaqoji Kollecinin müəllim heyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, müharibə veteranları, şəhid ailəsinin üzvləri  tarix yazan qəhrəmanın doğma kəndi Yuxarı Nüvədidə uyuduğu müqəddəs torpağı ziyarət etdilər, ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng  hördülər. Eləcə  çıxışlar zamanı bildirildi ki, igidlik, mərdlik, dürüstlük sanki Vüsalın  boynuna biçilmişdi.  Vətənini canından artıq sevirdi.  Odur ki, o, bir qayda olaraq  erməni dığaları   tərəfindən  Qarabağımızın  işğalına qarşı  barışmaz mövqe tuturdu. Müharibə başlanan kimi özünü odun-alovun içinə atıb, ilk gündən yağıya qan qusdurub. Qızğın mübarizə  meydanda baş leytenantın fədakarlığı, mərdliyi döyüş yoldaşlarına nümunə olub. Vətən, torpaq sevgisi Vüsalı şəhidlik zirvəsinə ucaldıb və   şanlı qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib. O, zaman-zaman ürəklərdə əbədi günəş ömrünü yaşayacaq. Eşq olsun, qəlbi Vətənlə döyünüb vətənləşən Vüsal kimi qəhrəman oğullara!

Vətənin dar günündə dadına çatan, qanı bahasına onu alınmaz qalaya döndərən  baş leytenant Vüsal Kamran oğlu  Kazımov  17 dekabr 1990-cı ildə ziyalı ailəsində dünyaya göz açıb. İki ali təhsil alan Vüsal bir müddət   Lənkəran şəhər Uşaq Poliklinikasında psixi  sağlamlıq bölməsində müalicəvi bədən-tərbiyəsi üzrə təlimatçı, həmçinin  şəhər Gənclər və İdman İdarəsinin Uşaq- Gənclər İdman Məktəbinin direktoru vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayın  27-də  başlayan  İkinci Qarabağ müharibəsinə könüllü yollanıb, döyüş komandiri olaraq  ölüm-dirim savaşına qoşulub. Neçə-neçə  ağır vuruşlarda belə yağıya ciddi itkilər verməklə zəfərlə çıxıb.  Hər dəfə də dığaların üzərinə gedəndə deyib: “Haqq bizimdir, yağını məhv edib qələbə qazanarıq.”

Mərdliyi, cəsarəti, yurd sevgisi dillərdən düşməyən  baş leytenant Vüsal Kazımov  Füzuli əməliyyatlarında, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın azadlığı uğrunda şəxsi rəşadət nümayiş edib. Sonuncu dəfə 26 oktyabrda evlə əlaqə saxlayıb, elə Şuşada  düşmənə qarşı qeyri-bərabər  mübarizədə şəhidik zirvəsinə yüksəlib.   Əbədi qəlblərə köç edən Lənkəran elinin qəhrəman oğlu  ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb.  

İndinin özündə Nuray və Aynur  adlı qızları ataların adına layiq boy atırlar.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü