44 günlük haqq savaşımızda Vətənin qeyrətli övladlarının misilsiz şücaəti, qanı, canı bahasına 30 il yağıya əsir düşən cənnət-məkan Qarabağımız azadlığa qovuşdu. Bu çətin, şərəfli yolda neçə-neçə alovdan keçərək müqəddəs, ulu torpağın bağrına zəfər bayrağını sancan minlərlə qəhrəmanlardan biri Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində boya-başa çatan şəhid baş leytenant Vüsal Kazımov olub. Qazanılan parlaq qələbəmizdə xüsusi yeri olan, bütün Azərbaycan xalqının iftixar mənbəyinə dönən, günəş ömrü yaşamaqla ölümsüzlüyə qovuşan Vətən sevdalısının dördüncü anım günü də adına layiq keçdi. Üzlərdə qürurdan yaranan ilahi bir təbəssüm bir daha göstərirdi ki, Vətənin mətn, xilaskar ər oğlu Vüsal cismən dünyada olmasa da, xalqın ona bəslədiyi sevgi, məhəbbət qərinələr boyunca tükənməz. Lənkəran rayonunun rəsmiləri, Astara Pedaqoji Kollecinin müəllim heyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, müharibə veteranları, şəhid ailəsinin üzvləri tarix yazan qəhrəmanın doğma kəndi Yuxarı Nüvədidə uyuduğu müqəddəs torpağı ziyarət etdilər, ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hördülər. Eləcə çıxışlar zamanı bildirildi ki, igidlik, mərdlik, dürüstlük sanki Vüsalın boynuna biçilmişdi. Vətənini canından artıq sevirdi. Odur ki, o, bir qayda olaraq erməni dığaları tərəfindən Qarabağımızın işğalına qarşı barışmaz mövqe tuturdu. Müharibə başlanan kimi özünü odun-alovun içinə atıb, ilk gündən yağıya qan qusdurub. Qızğın mübarizə meydanda baş leytenantın fədakarlığı, mərdliyi döyüş yoldaşlarına nümunə olub. Vətən, torpaq sevgisi Vüsalı şəhidlik zirvəsinə ucaldıb və şanlı qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilib. O, zaman-zaman ürəklərdə əbədi günəş ömrünü yaşayacaq. Eşq olsun, qəlbi Vətənlə döyünüb vətənləşən Vüsal kimi qəhrəman oğullara!
Vətənin dar günündə dadına çatan, qanı bahasına onu alınmaz qalaya döndərən baş leytenant Vüsal Kamran oğlu Kazımov 17 dekabr 1990-cı ildə ziyalı ailəsində dünyaya göz açıb. İki ali təhsil alan Vüsal bir müddət Lənkəran şəhər Uşaq Poliklinikasında psixi sağlamlıq bölməsində müalicəvi bədən-tərbiyəsi üzrə təlimatçı, həmçinin şəhər Gənclər və İdman İdarəsinin Uşaq- Gənclər İdman Məktəbinin direktoru vəzifələrində çalışıb. 2020-ci ilin sentyabr ayın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü yollanıb, döyüş komandiri olaraq ölüm-dirim savaşına qoşulub. Neçə-neçə ağır vuruşlarda belə yağıya ciddi itkilər verməklə zəfərlə çıxıb. Hər dəfə də dığaların üzərinə gedəndə deyib: “Haqq bizimdir, yağını məhv edib qələbə qazanarıq.”
Mərdliyi, cəsarəti, yurd sevgisi dillərdən düşməyən baş leytenant Vüsal Kazımov Füzuli əməliyyatlarında, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın azadlığı uğrunda şəxsi rəşadət nümayiş edib. Sonuncu dəfə 26 oktyabrda evlə əlaqə saxlayıb, elə Şuşada düşmənə qarşı qeyri-bərabər mübarizədə şəhidik zirvəsinə yüksəlib. Əbədi qəlblərə köç edən Lənkəran elinin qəhrəman oğlu ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb.
İndinin özündə Nuray və Aynur adlı qızları ataların adına layiq boy atırlar.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü