02 dekabr 2024 20:27
150

COP29-u Azərbaycanda keçirməyimiz qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq səylərimizi nümayiş etdirir

Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir. Bu ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə səfəri çərçivəsində bir sıra mühüm sənədlər, o cümlədən “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Qeyd etməliyəm ki, imzalanmış sənəd ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da artırır.

“İki sahil” xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - müstəqilliyin 53-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iqtisadiyyat naziri Mikayıl Cabbarov söyləyib.

O bildirib ki, 2023-cü ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında birgə sərmayə çərçivə razılaşmasına əsasən iki ölkə arasında 1 milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.

“Məqsədimiz ölkələrarası əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşdırılmasıdır. Hökumətlərarası Komissiya əməkdaşlıq üçün mühüm platformadır və ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bu ilin avqust ayında tarixi şəhərimiz Şuşada Komissiyanın 9-cu iclasının uğurla keçirilməsi birgə səylərimizin bariz nümunəsidir. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirməyə sadiqik və bu ortaq məqsədə nail olmaq üçün müştərək fəaliyyətimizi davam etdirəcəyik. Diqqətinizə çatdırmaq istərdim ki, iki ölkə arasında “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək”, - deyə M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, ticarət əlaqələrimiz və sərmayələr sahəsində əməkdaşlığımız davamlı olaraq inkişaf edir: “Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir. İqtisadi əməkdaşlığımızı, xüsusən qarşılıqlı hədəflərimizə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur. Sevindirici haldır ki, bu gün ölkələrimizin ən böyük şirkətləri olan ADNOC və SOCAR arasında əməkdaşlıq davam edir, güclənir. ADNOC ölkəmizin ən perspektivli layihələrindən olan Abşeron qaz yatağı layihəsinə, SOCAR isə BƏƏ-nin SARB və “UMM Lulu” neft və qaz yataqlarının işlənməsində tərəfdaşdırlar. Azərbaycan yaşıl və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir. İqlim məqsədlərimiz ambisiyalı, lakin reallaşdırıla biləndir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40 faiz azaltmağı hədəfləyirik. Bu məqsədlə bərpaolunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçiririk və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluğumuzu təmin edirik”.

Nazir onu da əlavə edib ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirmək, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərilən səyləri bir daha nümayiş etdirir.

“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır. Ölkənizin “Masdar” şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il “Masdar” tərəfindən açılışı edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır. Əminəm ki, Azərbaycan yaşıl iqtisadiyyat yolunda irəlilədikcə, BƏƏ ilə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun təmin edilməsi üçün daha da inkişaf edəcək. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır”, - deyə o bildirib.