06 dekabr 2024 00:58
285

Gürcüstandakı qanlı demokratiya...

Bunun təşkilatçıları Qərbin statuslu avantüristləridir

Vaxt vardı ki, bəziləri gürcülərə gözaydınlığı verir, bəziləri isə oradakı gözqamaşdırıcı yeniliklərə həsəd aparırdı ki, Gürcüstan geridönməz inkişaf yoluna çıxdı, xalq bundan sonra şad-xürrəm və firavan həyat yaşayacaqdır. Məsələ bunda idi ki, Gürcüstan kimi resursları kifayət qədər güclü olmayan bir dövlət gözlənilmədən göydəndüşmə xoşbəxtliyə qovuşurdu. Sanki iqtisadiyyatı zəif olan bu ölkə kimlər tərəfindənsə Cənubi Qafqazın nümunəvi dövləti olmağa hazırlanırdı. Qərbi ölkəyə gətirən Mixeil Saakaşvili hər yerdə az qala Gürcüstanın milli qəhrəmanı kimi təqdim olunurdu. Ancaq bunların hamısı sadəcə saxta görüntü və aldadıcı siyasi manevrlər imiş. Məlum olur ki, həmin saxta "inkişafın" müəllifi Qərbin avantürist dairələri imiş və Gürcüstandan gələcəkdə öz məqsədləri üçün istifadə etməyi planlaşdırıblarmış. Ən böyük məqsəd isə Gürcüstanı Rusiyanın təsir dairəsindən çıxarmaq, regionda yerləşmək idi. Bu məqsədlə əvvəl gürcüləri şirnikləndirib müvəqqəti "azad dünya, şən həyat" görüntüsü yaratmağı, hər il maliyyə yardımları ilə onları lazım olan ana qədər əldə saxlamağı düşünürdülər.

Ancaq bir qədər əvvəl keçirilən parlament seçkilərində Qərbin güddüyü niyyətlər boşa çıxdı. Yeni hakimiyyət isə ona öz yerini göstərdi. Xalqın iradəsini heçə sayan "demokratik" Qərb öz iddiasını yeritmək məqsədi ilə müxalif qüvvələri hakimiyyətə qarşı qaldırdı. İndi meydanlarda qan axıdan da və qanı axıdılan da sadə gürcülərdir. Etirazçılar polislə qarşıdurma yaradıblar. Onlar küçələrə çıxaraq seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edir və yeni seçkilər keçirilməsini tələb edirlər.

Neçə gündür ki, qonşu ölkədə vəziyyəti daha da gərginləşdirmək istiqamətində addımlar atılır, kənar qüvvələr ölkəyə nəzarəti ələ almağa çalışır. Müstəqil xarici siyasət yeritməyə cəhd edən, öz suverenliyini, milli mədəniyyətini və kimliyini qorumağa çalışan Gürcüstan dövləti Qərb tərəfindən iqtisadi sanksiyalara və hibrid müharibəyə məruz qalmaqdadır. Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını dayandırmaq qərarı Avropada sərt qarşılanıb. Onlar proseslərin əks istiqamətə dəyişəcəyini  gözləmirdilər. Bəziləri üçün bu, Avropa inteqrasiyası ideallarına xəyanət, digərləri üçün isə milli suverenliyi təsdiqləmək cəhdi oldu. Birincilər də Qərbdən aldıqları tapşırığa uyğun hərəkət etməyə qərar verdilər və neçə gündür ki, Tbilisidə etirazlar təşkil edirlər. Göründüyü kimi, özünü demokratiyanın mərkəzi kimi qələmə verən Qərb gürcü xalqının seçiminə hörmətsizlik edir. Müxalifəti maliyyələşdirərək onların əli ilə ölkədə qarşıdurma yaradır. Baş verənlər getdikcə Ukrayna "Maydan"ını xatırlatmağa başlayır. Sanki bu ölkədə törətdikləri ilə gürcülərə demək istəyirlər ki, “sən heç bir vaxt müstəqil daxili və xarici siyasət yeridə bilməzsən, ancaq bizim istəyimizə uyğun addım atmalısan”.

Maraqlıdır ki, Qərb mediası da Gürcüstandakı hadisələri qabardaraq ölkənin "rəngli inqilab"ın astanasında olduğunu bildirir. ABŞ və Avropa İttifaqı müxtəlif vasitələrlə Gürcüstana təzyiq göstərməyə çalışırlar. Bu ölkədə təşkil olunan aksiyaların yeganə hədəfi ölkəni növbəti "rəngli inqilab"a çəkməkdir. Qərb öz məqsədinə çatmaq üçün burada qan tökülməsindən də çəkinmir. 

Qeyd edək ki, etiraz nümayişlərində 298 nəfər müxalifətçi saxlanılıb, əlbəyaxa vuruşmalarda 143 polis əməkdaşı yaralanıb. Şəhər təsərrüfatına ciddi ziyan dəyib, Tbilisidə həyat iflic vəziyyətə düşüb.

Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib. Onun sözlərinə görə, parlament binasına, polis əməkdaşlarına və xüsusi təyinatlıların texnikalarına edilən hücumlar nəticəsində ümumilikdə 298 nəfər saxlanılıb.

Digər tərəfdən, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə baş verənlərlə bağlı açıqlama yayaraq növbəti dəfə müxalifəti və onların tərəfdarlarını qeyri-sabitlik yaratmaqda ittiham edib.

Onu da deyək ki, nümayişlər hələ də davam etməkdədir. Etirazlar noyabrın 28-də Baş nazir Kobaxidzenin ölkənin 2028-ci ilə kimi Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaqla bağlı qərarına qarşı başlayıb. Bu, həmin Qərbdir ki, Gürcüstanı NATO-ya üzvlüyə qəbul etdirəcəklərini vəd vermişdi. Lakin sonralar məlum oldu ki, bunların hamısı siyasi oyunbazlıqdan başqa bir şey deyil. Kobaxidze və xalqın böyük əksəriyyəti Avropanın statuslu avantüristlərinin oyunlarına qoşulmadıqları üçün belə bədəl ödəməli olublar. Vəziyyətin normallaşması isə hələ ki, gözlənilmir.

Vəli İlyasov, "İki sahil"