05 dekabr 2024 23:55
209

Siyasi böhranların episentri - Yelisey Sarayı

Fransa siyasətinin mərkəzində dayanan Yelisey Sarayı ölkə üçün təkcə bir iqamətgah deyil, həm də siyasi tarixin və qərarların formalaşdığı ən vacib məkanlardan biridir. Yelisey Sarayı 1848-ci ildən etibarən Fransa Prezidentinin rəsmi iqamətgahı kimi istifadə edilir. Saray prezidentin liderlik qabiliyyətini göstərdiyi məkandır və dövlətin həm daxili, həm də beynəlxalq səviyyədə nüfuzunu təmsil edir. Lakin bu tarixi bina zaman-zaman siyasi böhranların episentri olmuşdur. Hazırda da Yelisey Sarayı həm daxili, həm də beynəlxalq siyasətdə ciddi təzyiqlərlə üz-üzədir.

Yelisey Sarayını böhranın mərkəzinə çevirən bir neçə əsas faktor mövcuddur. Belə ki, Fransa cəmiyyəti son illərdə dərin sosial gərginliklər yaşayır. "Sarı jiletlilər" hərəkatı ilə başlayan narazılıqlar pensiya islahatlarına qarşı kütləvi etirazlara çevrilərək ölkədə siyasi sabitliyi ciddi sınağa çəkmişdir. Bu aksiyalar sadəcə bir neçə gün davam edən nümayişlərdən ibarət deyil, onlar hökumətin iqtisadi siyasətlərinə və sosial ədalətsizliklərə qarşı uzunmüddətli bir mübarizədir. Xalq arasında artan narazılıq yalnız küçə nümayişləri ilə deyil, eyni zamanda, siyasi proseslərdəki iştirak səviyyəsinin dəyişməsi ilə də özünü göstərir.

Ölkə hazırda 1968-ci ilin may ayındakı iğtişaşlardan sonra ən mürəkkəb vəziyyətlə qarşı-qarşıyadır. Dövlət təsisatlarının effektivliyi zəifləyib və hökumət öz əsas funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir. Yerli mətbuatın yazdığına görə, dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbulu da ciddi siyasi gərginliklərə səbəb olub. Baş nazir Mişel Barnye, Konstitusiyanın 49.3 maddəsinə müraciət edərək, büdcə qanun layihəsini Milli Assambleyada razılıq olmadan qəbul etməyi planlaşdırdığını elan edib. Bu addım hökumətə qarşı senzura tələblərini artırıb və parlamentdə böhranı daha da dərinləşdirib. Miçel Barnyenin ilk siyasi çıxışında dövlət kəsirini 2025-ci ildə ÜDM-in 5 faizinə, 2029-cu ildə isə 3 faizə endirmək hədəfi irəli sürülmüşdü. Lakin bu təklif nə parlamentdə, nə də ictimaiyyət arasında dəstək qazana bilib.

Yeri gəlmişkən, Fransa Milli Assambleyasında 1962-ci ildən bəri görünməmiş dekabrın 5-də baş tutan səsvermə Baş naziri istefaya məcbur etdi və ölkəni siyasi və büdcə qeyri-müəyyənliyinə sürüklədi. Milli Assambleya Yeni Xalq Cəbhəsinin (NFP) təqdim etdiyi sensasiya təklifi qəbul etdi. Mətnin lehinə 331 deputat və ya onun qəbulu üçün tələb olunan 288 səsin mütləq əksəriyyətindən 43 deputat çox səs verib. Beləliklə, Barnye hökumətinə son qoyuldu. 

Parlamentdəki bu çətinliklərdən başqa Yelisey Sarayı beynəlxalq arenada da ciddi təzyiqlərlə üzləşməkdədir. Daxili siyasətdə qarşılaşdığı problemlər Yelisey Sarayı üçün kifayət qədər ağır yük olsa da beynəlxalq səviyyədəki təzyiqlər bu yükü daha da artırır. Ukrayna müharibəsinin təsirləri, Avropa İttifaqı daxilində birliyə yönəlmiş çağırışlar və iqtisadi sanksiyaların doğurduğu problemlər Fransanı strateji qərarlar qəbul etməkdə çətin vəziyyətə salır. Bundan əlavə, Afrika ölkələrindəki müstəmləkə irsi ilə bağlı artan anti-Fransa sentimenti ölkənin nüfuzuna mənfi təsir göstərir.

Beləliklə, daxili gərginliklərin yaratdığı yükə beynəlxalq siyasətdəki təzyiqlər də əlavə olunduqda Yelisey Sarayının qarşısında həm daxili, həm də qlobal səviyyədə çox mürəkkəb vəzifələr dayanır.

Prezident Emmanuel Makron xalqın və siyasi müxalifətin narazılığı ilə üzləşib. Ölkəsində baş verən daxili proseslərdən tutmuş dünya siyasi arenasındakı hadisələrə münasibətinə qədər bir çox amillər onun liderlik keyfiyyətlərinin keyfiyyətsiz və yetərsiz olduğuna dəlalət edir. Fransa lideri nə qədər can atsa da Avropanın sayılıb-seçilən, sözü mötəbər hesab edilən liderləri sırasında dayana bilmir. Çünki sadalanan amillər təkcə hansısa dövlətin başçısı postunu tutmaqla deyil, həm də siyasətçi kimi özünəməxsus və uğurlu yola sahib olmaqdan da asılıdır. E.Makron şəxsində isə bu sadalanan lider-siyasətçi xüsusiyyətlərini görmək mümkün deyil. Üstəlik, hər ötən gün E.Makronun siyasi obrazı daha da təlatümlü və qarışıq bir vəziyyətə bürünür. Fransanın lideri kimi ağır bir vəzifənin öhdəsindən gəlməkdə acizlik nümayiş etdirən Makron bu gün öz ölkəsində heç də hər kəsin sevimlisi sayıla bilməz. Hətta belə demək olar ki, hər ötən gün ona qarşı qəzəb dalğasının miqyasını genişləndirir. Ölkədə baş verən etirazlar, iğtişaşlar bunun bariz nümunəsidir. Bu etirazlara dövlət başçısının amansız reaksiyası da E.Makronun siyasətçi kimi ipdən asılı olduğunu göstərir. Onu da xüsusi vurğulamaq gərəkdir ki, Makronun Azərbaycanın beynəlxalq maraqları ilə ziddiyyət təşkil edən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqidlərə səbəb olub. Bu yanaşma Avropa İttifaqının və Fransanın beynəlxalq siyasətindəki təsirini azaldıb. Makronun iki prezidentlik dövrü ərzində həyata keçirdiyi siyasi xətt xüsusilə müstəmləkə siyasəti ölkədə yaranan böhranın köklü səbəblərindənbiri kimi göstərilir. Afrikada və digər bölgələrdə baş verən etirazlar Makronun siyasətinə qarşı artan narazılığı göstərir.

Nigar Orucova, “İki sahil”