Ermənipərəst rejim artıq tarixin zibilliyinə gömülüb
Qanlı səhfələrlə zəngin olan ata və oğul əsədlərin 61 illik hakimiyyəti , sona çatdı. Artıq Suriyada bıçaq sümüyə dirənmişdi. Hətta ordu belə Bəşər Əsədin diktaturası ilə barışmırdı. Ona görə də hərbi müxalifətin Əsəd rejiminə qarşı mübarizəsində bitərəf qaldılar. Qeyd edək ki, Bəşər Əsəd Suriyanın 16-cı prezidentidir. Ondan əvvəl bu dövlətə 29 il boyunca (1971-2000-ci illərdə) onun atası Hafiz Əsəd rəhbərlik edib.
Suriya əsrlər boyunca Osmanlı imperiyasının müstəmləkəsi olub. Sonra bu regiona Fransa yerləşib və 1941-ci ildə Fransa Suriyaya müstəqillik verib. 1941-ci ildən 1971-ci ilə qədər keçən dövrdə Suriyada qeyri-sabitlik hökm sürüb və dəfələrlə hakimiyyət dəyişikliyi olmaqla 14 dövlət başçısı bir-birini əvəz edib. Bəşər Əsədə qədər Suriyanı idarə edənlərin tam əksəriyyəti hərbçilər, generallar idi və onların hamısının Fransa ilə əlaqələri olub. Başqa sözlə, Suriyada hakimiyyətdə olanlar həmişə Parisə arxalanıblar. Əsəd hakimiyyətə 35 yaşında gəlib. Onu hakimiyyətinin son 13 ili vətəndaş müharibəsi şəraitində keçib. Bu dövrdə Suriya bəzi vaxtlarda 5 yerə parçalanıb, 17 milyonluq əhalinin 4-5 milyonu xarici ölkələrə dağılışıb.
Xatırladaq ki, bir müddət İŞİD Suriyanın üçdə bir hissəsindən çoxuna nəzarət edirdi. İŞİD abbreviaturasının açması İraq-Şam İslam Dövləti idi. ABŞ və Avropa dövlətləri tərəfindən himayə olunan kürdlər də Suriyanın dağıdılması prosesində fəal iştirak edərək öz paylarını götürmək, ölkə ərazisində ya müstəqil kürd dövləti, ya da geniş səlahiyyətlərə malik kürd muxtariyyatı (İraq Kürdüstanı kimi) yaratmaq istəyirdilər. Suriya hakimiyyəti, eləcə də Bəşər Əsəd kürd separatçıların nəzarət etdiyi regionlara girə bilməsə də, Türkiyənin həmin nahiyələrə hərbi müdaxilə etməsinə qarşı tez-tez sərt bəyanatlar səsləndirməkdə davam edirdi.
Bəşər Əsədin hakimiyyəti məhz Rusiya və İranın dəstəyi ilə uzanıb. İran sünni məzhəbinə etiqad edən müsəlmanların çoxluq təşkil etdiyi ölkədə şiə-ələvi təriqətinə mənsub bir adamın hakimiyyətdə olmasını vacib sayırsa, Rusiya Qərbin bu bölgəyə nüfuz etməsini istəmədiyindən Əsəd rejiminə dəstək verirdi. Hər iki ölkənin hərbi qüvvələri Suriyada Bəşər Əsədin əleyhdarlarına qarşı hərbi əməliyyatlar keçirir, onlara ağır zərbələr vurur, bu yolla onun hakimiyyətinin ömrünü uzadırdılar. Ancaq son 3 ildə vəziyyət bir xeyli dəyişdi. Yəni, Rusiya -Ukrayna müharibəsinin başlaması Rusiyanın buradakı təsirini azaltmağa başladı. Eyni zamanda, 2024-cü ildə İranın molla rejimi də Suriyada təsirlərini itiməyə başladı. Bu isə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxtda baş verdi. Məhz son bir neçə ildə İsrail tərəfindən İranın Suriyadakı konsulluğu vurulub, diplomatları və generalları məhv edilib.
Bəşər Əsəd hakimiyyəti devriləndən sonra onun hərbi cinayətlərdə əlinin olduğu bir daha təsdiqlənmiş oldu. Xüsusilə azad edilən şəhərlərdəki həbsxanalardan reportaj yayımlayan türk telekanalları burada məhbusların necə ağır şəraitdə saxlandıqları, necə ölümə məhkum edildikləri barədə qandonduran süjetlər verirlər. Həmçinin Suriyada gedən vətəndaş müharibəsi zamanı saxlanılan on avropalının rejim tərəfindən dəhşətli işgəncələrə məruz qaldığı da bildirilir. Eyni zamanda, rejimə müxalif olan şəhərlərin əhalisinin də kütləvi qətl edilməsinə dair faktlar mövcuddur. Məhz belə qırğınlardan can qurtarmaq üçün milyonlarla suriyalı vətənini tərk etmək məcburiyyətində qalmışdılar.
Bəli, artıq Bəşər Əsəd diktaturası tarixin zibilliyinə gömülüb. İndi Suriya xalqının qarşısında azad və demokratik Suriyanın qurulması üçün yeni üfüqlər açılıb. Sadəcə bundan sonra Suriyanın ərazi bütövlüyünün saxlanması və oradakı PKK və YPK kimi kürd separatçılarının ləğv edilməsi əsas məsələdir. Təbii ki, bu proseslərdə Türkiyə ən yaxın qonşusuna hərtərəfli dəstəyini göstərəcəkdir. Necə ki, 2011-ci ildən başlayaraq Əsəd rejimindən qaçan milyonlarla suriyalılara məhz Türkiyə qucaq açmışdı. Yəni, bundan sonra Suriyada baş verəcək siyasi və iqtisadi inikşaf proseslərində qardaş ölkə mühüm rola malik olmaqla suriyalılara öz töhfəsini verməyə çalışacaqdır.
Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbədir. Ona görə ki, Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma «erməni soyqırımı»nı tanıyıb. Suriyada erməni terror təşkilatlarının Əsəd rejimi ilə sıx əlaqələri də mövcud idi. Belə ki, bu ölkədə Nubar Ozanyan adına erməni batalyonu 2019-cu ildə yaradılaraq Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edirdi. Bundan başqa, Ermənistanın Suriya ilə hərbi sahədə əməkdaşlığı var idi və hətta İran vasitəsilə Suriyaya hərbi texnika da göndərirdi. Bir sözlə, Bəşər Əsəd rejimi də həmişə ermənipərəst mövqe tutub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyirdi. Hətta ölkəmizə qarşı düşmənçiliyini beynəlxalq təşkilatlarda da nümayiş etdirib. Belə ki, Suriya İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb.
Bu rejimin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Həmçinin bir çox erməni politoloqlar da öz narahatlıqlarını gizlətmirlər. Onlar düşünürlər ki, İran öz sərhədləri daxilinə çəkiləcək. Bundan sonra isə onlar əsas dayaqlarından – Tehranın himayəsindən məhrum olacaqlar. Ümumiyyətlə, Ermənistanın Suriyada Əsəd rejimi ilə əlaqələri çox yaxşı idi. Hətta Əsəd rejimi dövründə erməni lobbisi və diasporu, həmçinin ümumilikdə ermənilərin Suriyada mövqeyi gücləndi. Türkmənlərin daha üstün olduğu və onların siyasətinin nüfuzlu olduğu yerlərdə ermənilər türkmənləri əvəzləməyə başladı. Təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Suriyadan yüzlərlə erməni döyüşmək üçün məhz hazır silahlı formada Ermənistana gəldi. Həmin ermənilər elə vətəndaş müharibəsi zamanı Əsədin yanında döyüşən komandanlar, zabitlər və döyüş təcrübəsi olan şəxslər idi.
Təbii ki, Əsəd rejiminin ermənipərəst siyasəti birtərəfli olmayıb. Yəni, Ermənistandan da Əsədə bəzən gizli, bəzən də açıq dəstək müşahidə edilib. Hətta İran vasitəsi ilə Ermənistandan Suriyaya hərbi texnika da göndərirlib.
Elçin Zaman, «İki sahil»