Prezident İlham Əliyev: Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır
Suriyadakı ata və oğul əsədlərin davam edən 61 illik diktaturası devrildi. Silahlı çevrilişlə hakimiyyətə gələn Hafiz Əsəd 29 il Suriyaya rəhbərlik etmişdir. Onun ölümündən sonra hakimiyyəti ələ keçirən oğlu, 34 yaşlı Bəşər Əsəd elə 24 ildən sonra silahlı müxalifətin zərbəsi ilə darmadağın oldu. Necə deyərlər, haynan gələn vaynan getmiş oldu. 61 ildə öz xalqına qənim kəsilən sülalə hakimiyyətinin törətdiyi insanlıq əleyhinə cinayətləri gördükcə dəhşətə gəlməmək mümkün deyil. Məhz bu rəzil və qəddar xarakterin sahibi olan Bəşər Əsəd rejimi daha çox başqa ölkələrin əli qanlı hakimiyyətləri ilə dostluq və əməkdaşlıq edirdi. Xüsusilə Suriya ilə Ermənistan arasındakı isti münasibətlərin dərinləşməsində Azərbaycan və qardaş Türkiyəyə qarşı bir düşmənçilik niyyəti var idi. Bu mənada, bu gün Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbədir. Ona görə ki, Əsəd hər zaman Ermənistanı dəstəkləyib. Hətta qondarma «erməni soyqırımı»nı tanıyıb. Suriyada erməni terror təşkilatlarının Əsəd rejimi ilə sıx əlaqələri də mövcud idi. Belə ki, bu ölkədə Nubar Ozanyan adına erməni batalyonu 2019-cu ildə yaradılaraq Suriya xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edirdi.
Bundan başqa, Ermənistanın Suriya ilə hərbi sahədə əməkdaşlığı var idi və hətta İran vasitəsilə Suriyaya hərbi texnika da göndərirdi. Bir sözlə, Bəşər Əsəd rejimi də həmişə ermənipərəst mövqe tutub. Necə ki, Kəşmir məsələsində də Pakistanı deyil, Hindistanı dəstəkləyirdi. Hətta ölkəmizə qarşı düşmənçiliyini beynəlxalq təşkilatlarda da nümayiş etdirib. Belə ki, Suriya İƏT çərçivəsində Azərbaycanın maraqlarına qarşı çıxış edib, Ermənistanla bağlı qətnamələri əngəlləməyə çalışıb, qəbul olunan sənədlərə qoşulmayıb.
Haylar Suriyadakı rejimin devrilməsindən niyə narahat olublar?
Bu rejimin devrilməsindən sonra Ermənistanda xüsusi panika başlayıb. Hətta bir çox erməni politoloqlar da öz narahatlıqlarını açıq şəkildə bəyan edirlər. Çünki Əsəd rejimi dövründə erməni lobbisi və diasporu, həmçinin ümumilikdə ermənilərin Suriyada mövqeyi güclənmişdi. Türkmənlərin daha üstün olduğu və onların siyasətinin nüfuzlu olduğu yerlərdə ermənilər türkmənləri əvəzləməyə başladı. Təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Suriyadan yüzlərlə erməni döyüşmək üçün məhz hazır silahlı formada Ermənistana gəlmişdi. Həmin ermənilər elə vətəndaş müharibəsi zamanı Əsədin yanında döyüşən komandanlar, zabitlər və döyüş təcrübəsi olan şəxslər idi. Təbii ki, Əsəd rejiminin ermənipərəst siyasəti birtərəfli olmayıb. Yəni, Ermənistandan da Əsədə bəzən gizli, bəzən də açıq dəstək müşahidə edilib. Hətta İran vasitəsi ilə Ermənistandan Suriyaya hərbi texnika da göndərirlib.
Əsəd rejiminin devrilməsi Türkiyənin milli maraqlarına xidmət edir. Çünki bu riyakar rejim qardaş ölkənin milli təhlükəsizliyinə zərbə vurmağa çalışan PKK və YPQ kürd terrorçularına dəstək verirdi. Terrorçuların Suriyadakı hərbi bazalarında Türkiyəyə qarşı hazırlanan çirkli planlarda məhz Əsədin də əlinin olduğu təsdiqlənir. Ona görə də indi Türkiyə Suriyanın gələcək taleyinin müəyyən olunmasında «yol xəritəsi»ni təyin etmək hüququ qazanmış əsas geosiyasi qüvvədir. Yəni, qardaş ölkənin rəsmiləri artıq Suriyanın gələcək taleyinə dair olduqca ciddi və önəmli mesajlar verməyə başlayıblar. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin nə Suriyanın, nə də hər hansı başqa ölkənin ərazilərində gözü yoxdur: «Bizim üçün Suriyanın suverenliyi və ərazi bütövlüyü əsas məqsəddir.» Bu isə o deməkdir ki, Türkiyə bəzi Qərb dairələrinin Suriyanın parçalnaraq bölüşdürülməsinə qətiyyən razı deyil. Həmçinin Türkiyə suriyalı qaçqınların geri dönüşünü sürətləndirmək istəyir. Xatırladaq ki, bu gün yalnız Türkiyədə dörd milyona yaxın suriyalı qaçqın məskünlaşıb ki, bu da ölkənin ciddi sosial probleminə çevrilib.
Artıq Türkiyə Yaxın Şərqin ən güclü hərbi-siyasi aktorudur
Bundan başqa, rəsmi Ankara Suriyaya geri dönəcək milyonlarla qaçqının öz ölkələrinin yeni siyasi idarəçilik sistemində yer almasına çalışır ki, bu da Bəşər Əsədin xarabalığa çevrdiyi Suriyanın iflas və xaosdan qurtarmasında mühüm amilə çevrilə bilər. Bütün hallarda son hadisələr bir daha göstərdi ki, Türkiyə ABŞ, Rusiya və İranın da geosiyasi maraqları olan Suriyada öz strateji hədəflərinin reallaşması mərhələsinə qətiyyətlə başlayıb. Burada diqqətçəkən digər önəmli məsələ odur ki, həm Rusiya, həm də İran Suriyanın gələcək taleyinin müəyyən edilməsi prosesini ancaq kənardan izləməli olacaqlar. Ona görə ki, Bəşər Əsəd rejimi olmadan hər iki ölkənin Dəməşq böhranının nizamlanması prosesində siyasi iradəsi keçərli deyil. Həmçinin Suriyada hərbi bazaları olan ABŞ isə Əsəd rejiminin çökməsində maraqlı tərəf idi. Ona görə də hələ də gözləmə mövqeyindədir. Eyni zamanda, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçkiöncəsi platformasında bəyan etmişdi ki, ABŞ ordusunun Suriyadan çıxarılması əsas məsələlərdən biridir.
Qeyd edək ki, ermənipərəst Bəşər Əsəd diktaturasanın devrilməsi Azərbaycan dövlətinin də milli maraqlarına uyğundur. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş ölkə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Təyyib Ərdoğan isə bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Elçin Zaman, «İki sahil»