17 dekabr 2024 11:00
72

Azərbaycanın dinlərarası münasibətlərə töhfə verən təşəbbüsləri yüksək dəyərləndirilir

Dünyada multikulturalizmin mərkəzi kimi tanınan, dini-milli zəmində qarşıdurmanın heç vaxt olmadığı Azərbaycanın dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfə verən təşəbbüslərlə çıxış etməsi yüksək dəyərləndirilir.

“İki sahil” xəbər verir ki, bunu İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim Əl-Malik Mərakeşdə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib.

O qeyd edib ki, Azərbaycandakı tolerantlıq mühiti, multikulturalizmə, İslam dəyərlərinə qayğı ICESCO ilə münasibətlərin inkişafına mühüm təsir göstərir.

Ramin Məmmədov isə Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində apardığı siyasət, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, həyata keçirdiyi siyasət haqqında ətraflı məlumat verib. Eyni zamanda Azərbaycanın ICESCO ilə sıx əməkdaşlıq əlaqələrinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətindəki fəaliyyətinə görə məmnunluğunu ifadə edib.

Görüş zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, ICESCO və Azərbaycanın Mərakeşdəki Səfirliyinin birgə təşkilatçılığı ilə Rabat şəhərində keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ramin Məmmədovun səfər çərçivəsində digər görüşü “Rabitə Məhəmmədiyyə Üləma” Birliyinin baş katibi Prof. Əhməd Abadi ilə olub.

Dövlət Komitəsinin sədri Azərbaycanın nümunəvi dövlət-din münasibətləri, dinlərarası harmoniya, eləcə də dinc birgəyaşayış sahəsində əldə etdiyimiz uğurlar barədə danışıb. Azərbaycanda dini sahəyə daim diqqət göstərildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasətdə dini etiqad azadlığının qorunmasına, bütün dini icmalara bərabər imkanların yaradılmasına və tolerantlıq ənənələrinin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini deyib.