İsveçrə parlamentinin aşağı palatasında qəbul olunmuş anti-Azərbaycan çağırışından sonra Avropa Parlamenti də əsassız qarayaxmalarla dolu qətnamə qəbul edərək Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini davam etdirir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa və erməni lobbisinin təsiri altına düşmüş Qərbi narahat edən əsas məsələ Azərbaycanın öz ərazilərinin suverənliyi təmin etməsi, müstəqil siyasət yürütməsi, COP 29 kimi böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:
“Əslində Avropa Parlamentində bir azca ədalət olsaydı ilk növbədə Avropanın mərkəzində yerləşən Fransanın diktator fəaliyyətindən, Makron hakimiyyətinin XXI əsrdə davam etdirdiyi neokolonizm siyasətindən və ada dövlətlərində yaşayan xalqların təməl hüquqlarının kobudcasına tapdalamasından danışardı. Təəssüf ki, bu baş vermir".
O hesab edir ki, Avropa Parlamentində cəmləşmiş xristian yuvası dağılmalı və dünyada yaşayan bütün insanların dinindən, irqindən asıllı olmayaraq hamının hüquqları bərabər olduğu bir dünya birliyinin yaranacağı labüddür:
"Çünki Qərbin ədalətsizlikləri dünyanı məhvə aparır. Qərbin Azərbaycana qarşı siyasi təzyiq cəhdləri davam etdirildiyi məqamda Azərbaycan Qahirədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilata üzv qəbul edilib. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM-ə malik bu təşkilata üzvülüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq.
Azərbaycan bu təşkilata üzv olmaqla islam həmrəyliyinin möhkəmlənməsinə, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika və texnologiyalar sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. D8-ə üzv olmaq, Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğun bir platforma təmin edəcək və ölkəmizin beynəlxalq aləmdə daha geniş bir təsir dairəsinə sahib olmasına imkan yaradacaq”.