20 dekabr 2024 23:57
91

Dünyada və regionda artan nüfuzun, möhkəmlənən mövqeyin təqdimatı

Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa işlərinin uğurlu nəticələri hazırda sakinlərinə qovuşan torpaqlarımızın say tərkibində özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyev bu torpaqlarda bərpa-quruculuq işlərinə başlandığı ilk gündən belə bir çağırışı etdi ki, dost ölkələrin bu prosesdə iştirakını istəyirik. Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində də bu dəstəkdən bəhs etdi.

Dövlətimizin başçısı jurnalistin “Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edirmi” sualına cavab olaraq bildirdi ki, bəli, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. O, bu yaxınlarda Azərbaycanı ziyarət etdi, həmçinin bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda oldu: “Beləliklə, biz bu cür diqqətə görə çox minnətdarıq. Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur, amma deyərdim ki, onların sayı çox deyil. Zənnimcə, onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir və bu, ilk növbədə, indi infrastruktur layihələrini, yolları, dəmiryol tunellərini, körpüləri əhatə edir, yəni bu sahədə yaxşı təcrübəsi olan çoxlu sayda Rusiya şirkəti var”. Cənab İlham Əliyev Qarabağın bərpasında ilk investisiya layihəsinin Tatarıstan tərəfindən həyata keçirildiyini, Cəbrayıl rayonunda “KamAZ” xidmət mərkəzinin açılışını xatırlatdı.

Qeyd etdi ki, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq. Müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələrdən biri də Qərbi Azərbaycana qayıdış məsələsi oldu. 

Bildirdi ki, biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq: “Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur. Bizim işğal illərində aldığımız yaralar isə 30 il keçməsinə baxmayaraq hələ də sağalmayıb. Yəni, bunun üçün vaxt lazımdır. Bu məqsəd üçün isə ictimai fon, ünsiyyət lazımdır, insani dildə danışmaq gərəkdir. Beləliklə, indi vəziyyət bundan ibarətdir”. Müsahibə bir daha Azərbaycanın regionda və dünyada artan nüfuzunun, möhkəmlənən mövqeyinin təqdimatı oldu. Regionda dayanıqlı sülhün təmin edilməsi üçün ölkəmizin göstərdiyi səylər, atdığı addımlar göz qabağındadır. Sülh müqaviləsinin imzalanması hazırda əsas çağırışlar sırasındadır.  Baxmayaraq ki, Ermənistana havadarlıq edən dövlətlər vəziyyətin gərginləşdirilməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün hər vasitəyə əl atırlar. Bu gün ölkə və dünya mətbuatında əsas diqqət göstərilən mövzulardan biri məhz Ermənistanın silahlandırılmasıdır. Ermənistanın Fransa, Hindistan, ABŞ tərəfindən silahlandırıldığını qeyd edən dövlətimizin başçısı sözügedən müsahibəsində bu mesajı çatdırdı ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.

Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki,  səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır.  Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha əsaslı şəkildə diqqətə çatdırdı. Vurğuladı ki, xarici siyasətin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Ölkəmizin beynəlxalq nüfuzunun göstəricilərindən biri də ötən ay ev sahibliyi etdiyi COP29 tədbiri oldu. Cənab İlham Əliyev müsahibəsində bildirdi ki, 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min iştirakçı Azərbaycanın  təqdimatı idi. 

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri