“2025-ci ilin əvvəlindən etibarən TikTok-u hər kəsin girişinə 1 il bağlayacağıq. Albaniyada TikTok olmayacaq".
“İki sahil” xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama deyib.
TikTok-u “məhəllənin başıboşu” olaraq xarakterizə edən Rama, “Bu başıboşu bir il ərzində məhəllədən qovacağıq. 1 il ərzində hamı üçün TikTok-u bağlayacağıq. Albaniyada TikTok olmayacaq”, - deyə əlavə edib.
Rama sosial media platformalarını, xüsusən də TikTok-u məktəblərin daxilində və xaricində gənclər arasında zorakılığı qızışdırmaqda ittiham edib. Rama həmçinin bildirib ki, Albaniya hökuməti tələbələrin təhsilini dəstəkləmək və valideynlərə uşaqlarının tərəqqisini izləmək imkanı vermək üçün proqramlar həyata keçirəcək: “TikTok Çindəki tələbələrin necə kurs keçə biləcəyini, təbiəti necə qoruyacağını, adət-ənənələrini necə qoruyacağını vurğulayır. Çindən kənarda isə TikTok sadəcə çirkab və palçıqdır. Niyə bizə belə bir şey lazımdır?”.
Albaniyada TikTok-un qadağan edilməsi ilə bağlı müzakirələr noyabr ayında Tiranada məktəb yaxınlığında baş verən davada 14 yaşlı şagirdin bıçaqlanaraq öldürülməsindən sonra başlayıb. Albaniya mətbuatında yayılan xəbərlərə görə, hadisə sosial mediada müzakirələrdən sonra baş verib və TikTok-da qətli dəstəkləyən uşaqların videoları peyda olub.
Dünyada bir milyarddan çox aktiv istifadəçisi olan TikTok ABŞ-da casusluq ittihamları ilə, Avropa İttifaqının üzvü olan Rumıniyada isə ifrat sağçı prezidentliyə namizədin xeyrinə seçki nəticələrinə təsir etmək cəhdi üçün platforma təqdim etmək ittihamlarla üzləşib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”