23 dekabr 2024 23:48
106

Mədəniyyətimizin inkişaf salnaməsi

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir

Ulu Öndər Heydər Əliyevin mədəniyyət siyasəti 21 ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Prezident seçildiyi ilk gündən mədəniyyətimizin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edən cənab İlham Əliyev bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. Təkcə bir faktı xatırladaq ki,  dövlətimizin başçısı  bu müddət ərzində mədəniyyət sahəsi ilə bağlı 700-dən çox Fərman və Sərəncam imzalayıb. Şübhəsiz, bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu sahədə çalışanlara verdiyi yüksək dəyərin göstəricisidir. Əlbəttə, gerçəkləşən ürəkaçan mədəniyyət layihələrinin, eləcə də digər sənədlərin hamısını bir yazıya sığışdırmaq qeyri-mümkündür. Ancaq bəzi məqamlara nəzər salmaqla görülən işlərin miqyasına və tarixi-siyasi əhəmiyyətinə bir daha diqqət yetirməyə çalışacağıq. 

İlk qərarlardan biri...

İlham Əliyevin ölkə Prezidenti seçildikdən sonra ilk imzaladığı sənədlərdən biri "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı olub. Həmin Sərəncama əsasən, 450 adda kitab çap edilərək təmənnasız olaraq kitabxanalara göndərilib. Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu barədə demişdi: “Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”. Bu isə o deməkdir ki, hətta maddi imkanlarımız kifayət qədər olmadığı dönəmlərdə belə dövlətimizin başçısı mədəniyyətimizə xüsusu diqqət göstərib. 2012-ci il mayın 23-də imzaladığı "Azərbaycan dilinin qlo­ballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin in­kişafına dair Dövlət Proqramı haqqında" Sərəncam da dövlət başçısının ana dilimizə verdiyi bö­yük önəmin əyani təzahürüdür.

Muğam Mərkəzi, Xalçaçılıq Muzeyi...

Mədəni irsimizin bir çox örnəklərinin (tar ifaçılığı, Novruz bayramı, kəlağayı sənəti, misgərlik sənəti, xalçaçılıq və s.) dünya miqyasında tanıdılması, onların əksəriyyətinin UNESCO-nun Ümumdünya İrs Siyahısına, Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına salınması, UNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanına həsr olunmuş möhtəşəm tədbirin keçirilməsi, həmçinin sənət adamlarının - şairlərimizin, yazıçılarımızın, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin bu qurum səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir. Brüsseldə “Dədə Qorqud”un, Romada Nizami Gəncəvinin abidələrinin  açılışları və digər mühüm ədəbiyyat və mədəniyyət hadisələri sözün həqiqi mənasında bu istiqamətdə atılmış önəmli addımlar kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, 2008-ci ildə dünyada ilk dəfə ölkəmizdə muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz - musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda, modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirilib. "Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil" deyən Prezident İlham Əliyev xalqımızın milli kimliyini təsdiqləyən xalçaçılığın inkişafına da xüsusi önəm verib. Elə  nadir memarlılq üslubunda inşa edilmiş Azərbaycan Xalça Muzeyinin yeni  binası, həmçinin “Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında” Qanun da bunu bir daha təsdiq edir.  Yeri gəlmişkən, muzeyin tikintisinə başlanandan sonra Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Şübhəsiz, bütün bunlar ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır.

Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzi hesab edilir. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil, ümumilikdə ölkəmizin dünya miqyasında təbliğinə xidmət edən mühüm mədəniyyət layihələridir. Eyni zamanda, ənənəvi olaraq keçirilən Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı, "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi, Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirərək dünya musiqi xəritəsində Azərbaycanın yerini daha da möhkəmləndirir. Bu sıraya 57-ci “Eurovision” mahnı müsabiqəsini də əlavə etmək olar.

2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” artıq beynəlxalq platformaya çevrilib. Hazırda bu kimi tədbirlər uğurla davam etdirilib. Elə bu il ölkəmizdə keçirilmiş 130 beynəlxalq tədbirin  41-nini elm-təhsil və mədəniyyət sahələrini özündə ehtiva etməsi fikrimizin sübutudur.

Təmir-bərpa işləri, yeni tikililər...

Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Hətta Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilib, Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulub. Ötən dövrdə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalanıb, 2009-cu il mayın 18-də isə  “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib.  Bütün bunlar o deməkdir ki, digər mədəniyyət ocaqları da diqqət mərkəzində olub.  Azərbaycan Dövlət Akademik Milli Dram, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram,  Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Musiqili, Mingəçevir, Sumqayıt, Şəki, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Şuşa Dövlət Musiqili Dram Teatrına, İrəvan və Pantomima teatrlarına binalar verilib.

Bunlarla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Muzey Mərkəzi və s. təmir edilib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu  tikilib. “Qala” Dövlət Qoruğunun bazasında Qala Etnoqrafik Muzey Kompleksi təşkil edilib. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılıb. Cavad xanın qəbri üzərində məqbərə ucaldılıb. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının açılışı olub. Ağcabədidə,  Füzuli rayonunda muğam mərkəzləri tikilib. Tbilisidə Azərbaycanın böyük ziyalıları Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldilib. Bakıda xeyirxahlığı il ad çıxaran Azərbaycan xalqının təəssübkeş, xeyirxah, maarifpərvər övladı, ictimai xadim  Hacı Zeynalabdin Tağıyevin, aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin, müğənni və bəstəkar Müslüm Maqomayevin heykəlləri ucaldılıb.

Dini abidələr də diqqətdən kənarda qalmayıb. Belə ki, Bakıda və bölgələrdə yüzlərlə məscid əsaslı şəkildə bərpa olunub. Bunlara misal olaraq böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərini, Müqəddəs Məryəm Ananın Miladı kilsəsini, Gəncədəki İmamzadə dini-tarixi kompleksini, Mərdəkandakı Pir Həsən ziyarətgahını, Binədə Möhsün Səlim məscidini, Buzovnadakı Cümə məscidini, Naxçıvandakı Gülüstan türbəsini, Qarabağlar Türbə Kompleksini misal göstərmək olar. 2014-cü ildə istifadəyə verilən "Heydər" məscidi  isə Qafqazın ən möhtəşəm ibadət ocağı kimi tarixin yaddaşına həkk olunub. Prezidentin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul verib.

Mədəniyyətimizin zəfəri

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev düşmən tapdağından azad edilmiş yurd yerlərimizdə təkcə infrastruktur obyektlərinin, inzibati və yaşayış binalarının təməlini qoymayıb, eyni zamanda, mədəni dəyər daşıyan abidələrin həyata qaytarılması üçün xüsusi göstərişlər verib və sərəncamlar imzalayıb. Məscidlərimizin və türbələrimizin yenidən inşasını, həmin ərazilərdə  təbiət qoruqlarının yaradılmasını, 2022-ci ilin ölkəmizdə "Şuşa ili"nin elan edilməsini, Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ilin “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsini, Molla Pənah Vaqifin məqbərəsinin, Bülbülün ev-muzeyinin və daha neçə-neçə mədəniyyət abidələrinin bərpasını, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin aid olduqları torpağa qaytarılmasını, “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının yenidən təşkilini, eləcə də  Vaqif Poeziya Günlərinin və digər önəmli mədəni tədbirlərin keçirilməsini bir ənənəyə, hər il keçirilən xalq musiqisi bayramına çevrilməsini mədəniyyət tariximizin yeni səhifəsi,  həm də mədəniyyətimizin zəfəri kimi dəyərləndirmək olar.  

Qvami Məhəbbətoğlu, “İki sahil”