07 may 2025 22:43
180

Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Sən elə bir zirvəsən” adlı konsert proqramı təşkil edilib - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konsert proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bakı Konqres Mərkəzində keçirilən konsertdə dövlət və özəl qurumların nümayəndələri, Milli Məclisin deputatları, həmkarlar ittifaqlarının üzvləri və media nümayəndələri iştirak ediblər.

Konsert proqramı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün tarixi xidmətlərini əks etdirən film nümayiş olunub.

Sonra tədbirdə xalq və bəstəkar mahnılarından ibarət musiqi proqramı təqdim edilib.

Tanınmış ifaçılar Ümummilli Liderin sevdiyi musiqi nömrələri ilə çıxış ediblər.

Konsert proqramı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Layiqli Əmək Səfiri, Xalq artisti Mənsum İbrahimovun “Qarabağ” musiqi kompozisiyası ilə başa çatıb.