24 dekabr 2024 17:25
176

Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbinin yaranmasının ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  tədbirlərdə MDB məkanında ən qədim kadet məktəbi sayılan Polotsk Kadet Məktəbinin tarixi haqqında iştirakçılara məlumat verilib, məktəbin məzunlarının faşizm işğalçılarına qarşı gedən döyüşlərdə nümayiş etdirdikləri şücaətlərdən danışılıb.
Qeyd olunub ki, Belarusun alman-faşist işğalından azad olunmasında 10 minədək azərbaycanlı iştirak edib. Həmvətənlərimizdən 102 nəfər partizan hərəkatının üzvü olub, 17 nəfər isə “Ştalaq 352” düşərgəsində əsir saxlanılıb. Müharibədə iştirak etmiş azərbaycanlılardan 11 nəfər Sovet İttifaqı Qəhrəmanı, 1 nəfər isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə çıxış edənlər Polotsk uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların rayonun müxtəlif ərazilərində qardaşlıq məzarlarında dəfn olunduqlarını qeyd ediblər.

Həmin həmvətənlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə hərbi attaşelik aparatının nümayəndələri tərəfindən Polotsk Kadet Məktəbinin muzeyində Azərbaycan Ordusunun geyim formalarından ibarət guşə yaradılıb. Geyim formaları, rayon uğrunda qəhrəmancasına həlak olanlardan ən yüksək rütbəlinin - leytenant Vahabov Əziz Şükür oğlunun hərbi rütbəsi nəzərə alınaraq, “leytenant” hərbi rütbələri ilə təmsil olunub.