24 dekabr 2024 18:53
148

"HALAL" uyğunluq sertifikatı üçillik etibarlılıq tarixinə malikdir

"HALAL" uyğunluq sertifikatı müəssislələrdə AQTİ tərəfindən bu ildən verilməyə başlanıb. İnstitut 4 kateqoriya üzrə sertifikasiya prosesi keçirir. Bunlar iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi, quş əti kəsimi və onlardan istehsal olunan məhsullar, balıq və balıq emalı məhsulları və süd məhsullarını əhatə edir. Sertifikasiya prosesi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə dini qaydalarına uyğunluq müəyyən olunur. İkinci mərhələdə isə qida təhlükəsizliyi idarəetmə sisteminin müəssisədə mövcudluğu qiymətləndirilərək sonda sertifikasiya komitələri vasitəsilə uyğunluq haqqında rəy bildirildiyi halda sertifikat verilir.

Bu sözləri mediaya açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov bildirib.

O, qeyd edib ki, sertifikat üç illik etibarlılıq tarixinə malikdir. Hər il qiymətləndirilməklə verilir. Sertifikasiya qaydası, sertifikatlaşdırma necə aparılır bunlar haqqında detallı məlumatlar afsi.gov.az saytında mövcuddur. Halal sertifikatlaşma mərhələləri haqqında sahibkar oradan tanış ola bilər. Vətəndaşlar üçün də orada açıq məlumatlar yerləşdirilib. Bütün sertifikatlaşdırılmış müəssisələrə halallıq nişanları təqdim olunur. Onlar həmin nişanı öz məhsullarına vura bilirlər. Həmin nişan məhsulun necə şəriət qaydalarına uyğun olduğunu göstərir. Bütün sertifikatlaşdırılmış müəssisələrin siyahısı da cəmiyyətə açıq şəkildə institutun saytında yerləşdirilib. Sertifikasiya prosesi müəssisənin, həmçinin sənədləşmə sistemindən asılı olaraq bir aydan iki aya qədər davam edir. Müəssisənin həcmi, iş fəaliyyətindən asılı olaraq sertifikasiya prosesi davam etdirilə bilir. Təbii ki, bu, beynəlxalq əsaslıdır. Bu da sahibkarlara ixrac potensialı yaradır. Həmçinin təqdim edilən sertifikat dünyanın bir çox ölkələrində, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə və onların akkreditasiya etdiyi qurumlar vasitəsilə tanına bilir. Sertifikatlaşmanın digər bir məqamı da dini qaydalarına uyğunluqdur. Bununla bağlı qərəzsizlik komitələrində və bizim islami ekspertlər tərəfindən də sertifikasiya xidmətimiz müşayiət olunur. Xidmət əsasında onların yekun rəyi əsasında sertifikatlaşmanı həyata keçiririk.

İlahiyyatçı ekspert Nəsimi Piriyevin sözlərinə görə, bütün proseslərin İslami qaydalara uyğunluğu yoxlanılır. Həmçinin qəssabların təlimdən keçərək halal sertifikat almaları, heyvanın üzü qibləyə doğru  "Bismillah" kəliməsinin işlədilməsi ilə kəsilməsi və digər dini qaydalara riayət olunmasına ilahiyyatçı ekspert tərəfindən nəzarət olunur.

Mediatur zamanı, həmçinin bildirilib ki, müəssisədə inkubatoriyalar hər biri 2 milyon 300 min ədəd həcmində, biri də 2 milyon 800 min həcmindədir. İnkubatoriyalarda aylıq 3 milyon ildə isə 36 milyon civarında cücə istehsal olunur. 18 gün inkubasiya, 3 gün cücə çıxışı günüdür. 21 günün tamamında cücə çıxır və yetişdirmə sahələrinə yola salınır. Dünya standartında illik inkubatorun çıxım faizi ortalama 83 faiz nəzərdə tutulur. Burada isə qoyulan göstəricidən 2-3 faiz çox illik çıxım qeydə alınır. Yumurta əldə edilməsində hazırda daha çox yerli və Türkiyə bazarına üstünlük verilir. İnkubatoriyalarda Bir şkaf 88 min 128 ədəd yumurta tutumuna malikdir. On səkkiz belə şkaf var. Ona uyğun olaraq da 15 cücə çıxışı şkafı mövcuddur.

Yaqut Ağaşahqızı, "İki sahil"