Naxçıvandan başlanan «Sərhəd hərəkatı» ilə artıq vahid gücə çevrilən diaspor təşkilatlarımız Azərbaycanı ölkəmizdən kənarda təmsil edən diplomatik nümayəndəliyimizdir
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi fədakarlıqlar qarşıdakı onillər üçün proqram sənədidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə qəbul etdiyi qərarların, həyata keçirdiyi yeniliklərin, özünü doğruldan və bu təməl əsasında bu gün də davam etdirilən islahatların hər biri əsrə bərabər dəyərlər uzaqgörənliyin məntiqi nəticəsi idi. Dünya azərbaycanlılarının həyatında birlik və həmrəyliyə çağırış olan bir tarixi xatırlayaq.
…İranın şah rejiminin Rusiya imperiyası ilə birgə imzaladıqları xəyanətkar «Gülüstan», «Türkməncay» müqavilələri ilə cənublu, şimallı qardaşlara bölünən azərbaycanılılar on illərlə birləşmək həsrəti ilə yaşadılar. Sovetlərin yaşıl papaqlı, qırmızı ulduzlu əsgərləri cənublu, şimallı qardaşlar arasında canlı çəpər oldular. Rus-fars qaragüruhçularının qərəzli niyyətlərini «1989-cu ilin dekabr ayının axırlarında Naxçıvanla İran sərhədi arasında olan tikanlı məftillər rusların iradəsinin əksinə olaraq aradan götürüldü. Təbiidir ki, Moskvada buna çox pis münasibət göstərdilər. Bu işi həyata keçirən vətənpərvərləri «sərxoşlar», «narkomanlar» adlandırdılar. İmperiya öz mövqelərini heç cür əldən vermək istəmirdi. Bütün bunlara son qoymaq üçün biz birləşməliyik. Qars müqaviləsi bu işdə çox böyük əhəmiyyət kəsb edir» sözləri ilə ifşa edən uzaqgörən müdrik siyasətçi Heydər Əliyev ağlının, zəkasının qüdrəti ilə müstəqilliyimizin əbədiliyi naminə xalqa bələdçilik etdi, arxasınca apardı. Naxçıvanın mütərəqqi qüvvələri tərəfindən «Sərhəd hərəkatı» adı altında həyata keçirilən tədbirlər zamanla tarixi əhəmiyyətini doğrultdu. Sökülən sərhəd dirəklərinin qarşıdakı Novruz bayramında Naxçıvanda qalaqlanan tonqallarda yandırılması əsrlik həsrətin sonunu bildirdi. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk Dərnəkləri Qurultayında muxtar respublikada başlayan bu hərəkat milli birlik və həmrəylik yolunda atılan ilk addım kimi dəyərləndirildi. Müstəqilliyimizin təhlükədə olduğu bir zamanda dünya azərbaycanlılarını bir amal, məslək ətrafında birləşdirmək ideyasını gerçəkləşdirməklə diaspor quruculuğunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti qısa zamanda bəhrəsini verdi.
Ulu Öndərin sədrliyi ilə 1991-cı il dekabrın 16-da keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında hər ilin 31 dekabr tarixinin «Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü» kimi qeyd edilməsi ilə bağlı qərarın qəbulu ilə Azərbaycanda diaspor hərəkatının təməli qoyuldu. Həmin sessiyada çıxış edən müdrik şəxsiyyət Heydər Əliyev siyasi əhəmiyyətli «Sərhəd hərəkatı»nın məhz Naxçıvandan başlanmasını qürur hissi ilə qeyd edərək bildirmişdi ki, bütün Azərbaycanda bu hərəkatın güclənməsi soydaşlarımızın birləşməsinə təkan verəcəkdir. Elə də oldu. Respublikamızın Arazboyu bölgəsində yerləşən rayonların vətənpərvər gəncləri bu hərəkata qoşuldular. Xalqımızın milli oyanışını bəhanə edən, erməniləri dəstəkləyən başda SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov olmaqla məsul vəzifələrdə çalışan hayların, ermənipərəstlərin, təhlükəsizlik xidməti əməkdaşlarının birgə hazırladıqları mənfur 20 Yanvar qırğınları bu hərəkata xain cavabı oldu. Ali Məclisin deputatları həmrəylik günü ilə bağlı qanunvericilik aktının respublika miqyasında tətbiqi üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdilər. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsi və ideoloji həmrəylik yolunda ilk inamlı addım oldu. Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq qununiləşdirildi. Sevindiricidir ki, həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycançılıq ideyasını davam etdirən Ulu Öndər 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayını keçirməklə müxtəlif ölkələrdə məskunlaşan soydaşlarımızın Vətənlə əlaqələrinə körpü yaratdı.
«Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər» söyləyən Ulu Öndər bildirirdi ki, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, mənəvi dəyərlərimizdir, xalqımıza məxsus adət –ənənələrimizdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradan Ulu Öndərin səyi ilə soydaşlarımızın təşkilatlanması məqsədli, planlı şəkildə formalaşdı, diaspor təşkilatlarının cografiyası genişləndirildi. Sonrakı illərdə keçirilən Dünya azərbaycanlılarının qurultaylarının, Bakıda təşkil olunan Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin forumlarının təşkilində də məqsəd lobbiçilik fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə eyni ideologiya ətrafında sıx birləşmək idi.
Prezident İlham Əliyevin Sərəncamına uyğun Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Təkcə türk dünyasına deyil, beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları artan Azərbaycan diasporunun güclənməsi, dost xalqlarla birgə fəaliyyəti dünyada mövqelərimizin möhkəmlənməsinə təkan verdi. «Bir millət, iki dövlət» devizi əsasında formalaşan Türkiyə- Azərbaycan diaspor təşkilatları gücləri birləşdirməklə, siyasi, iqtisadi məsələlərin müzakirəsində, həllində vahid mövqedən çıxış edirlər.
Türk diasporu ilə birgə fəaliyyət göstərən, hər iki xalqın milli, siyasi, iqtisadi maraqlarının təminatına yönələn səylər erməni lobbisinin qərəzli siyasətinin, məkrli niyyətinin əsl məqsədini dünya ictimaiyyətinə çatdırır. Azərbaycan xalqının milli bayramları, əlamətdar günlər, 20 Yanvar və Xocalı faciələri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində çoxsaylı insanların iştirakı ilə keçirilən aksiyalar göstərir ki, təşkilatlar arasında koordinasiya işlərini yerinə yetirən diaspor təşkilatımız fəaliyyət göstərdikləri resrublikalarda siyasi qüvvə kimi tanınırlar. Azərbaycan dövlətinin xarici ölkələrdə bir parçası, simvolu olan səfirlik, kosulluqlarımızla, diplomatik nümayəndəliklərlə birgə çalışan diaspor təşkilatları ölkəmizin xarici siyasətinin dünyada dəstəklənməsində, təbliğində yaxından iştirak edirlər. Ortaq dil, ortaq əlifba ideyasının rellaşması üçün göstərilən səylər də bu amilə xidmət edir. Türk Dövlətləri Parlament Assambleyasının yaradılmasında da təbii ki, əsas hədəf kimi Azərbaycan-Türkiyə dostluğuna böyük önəm verildi. 17 noyabr 2014-cü ildə İstanbulda «Qarabağda üç nəslin bir soyqırımı» mövzusunda keçirilən beynəlxalq sərgi-konfransda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsi ilə bağlı məsələlər daha da aktuallaşdı, diqqət mərkəzində oldu. ABŞ-da, Qərb ölkələrində Türk və Azərbaycan icmaları erməni diasporunun yalanlarını birgə ifşa edirlər.
Bu birlik eyni zamanda erməni lobbisinə, onların qərəzli bəyanatlarına cavab, azərbaycançılıq ideyasının təbliğinə xidmətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, diasporumuzun güclənməsi o deməkdir ki, biz böyük xalqıq. Bu gün güclənən Azərbaycan bizim qürur mənbəyimizdir: «Bizim xaricdə yaşayan böyük ailəmiz vardır. Bizim bir vətənimiz var- Azərbaycan! Bizim bir dilimiz var- Azərbaycan dili! Bir ümumxalq ideologiyamız var azərbaycançılıq məfkurəsi!» Xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi xoş ənənəyə çevrilmişdir.
Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Diasporumuzun təşkilatlanması naminə yaradılmış Dəstək Fondu ilə soydaşlarımızın problemlərinin həllinə yardım göstərən dövlətimiz bu istiqamətdə fəaliyyətini davam etdirir. Vətən müharibəsində dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız tarixdə görünməmiş dərəcədə birlik nümayiş etdirdilər.
Bu həmrəyliyi «Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur» sözləri ilə dəyərləndirən Prezident İlham Əliyev bu birliyi anti-Azərbaycan dairələrin ölkəmizə qarşı apardıqları məkrli təxribatlara qarşı sarsılmaz güc adlandırır.
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə müstəqilliyimizin əbədiliyi, torpaqlarımızın işğaldan azad edilməsi naminə mübarizəyə qoşulan dünya azərbaycanlıları Ulu Öndərin siyasi məktəbinin yetirməsi, müasir dünyamızın qlobal problemlərinin həllində söz sahibi olan Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.
Bütün dünya ictimaiyyəti Azərbaycanın müdafiə qüdrətinin, «dəmir yumruq» ətrafında yenilməz qüvvə kimi birləşən soydaşlarımızın Vətənə sonsuz məhəbbətinin, yenilməzliyinin, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığının şahidi oldu.
22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı tarixi əhəmiyyəti ilə seçildi.
Hazırda dünya siyasətinin aktual mövzularından olan Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsini, süni bir qurum kimi Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması ilə bağlı tarixi faktlardan bəhs edən, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı daşnakların törətdikləri kütləvi qırğınlardan söz açan Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Zəfəri dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin ifadəsi kimi yüsək dəyərləndirdi. «İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər» söyləyən Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi iki əsrdə daşnak ideologiyasının qurbanı olan, dəhşətlər yaşayıb, iztirablardan keçsə də «dəmir yumruq»la düşmənin başını əzib, tarixi ədaləti və milli ləyaqəti bərpa edən Qələbəmizi xalqımızın torpağına, elinə-obasına bağlılığının ifadəsi adlandırdı. Zəfərimizdə payı olan və artıq təkmilləşən diaspor təşkilatlarının rolunu yüksək dəyərləndirdi.
«Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar» söyləyən Prezident İlham Əliyev tövsiyələrini də bildirdi: «Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün.» Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, antiterror əməliyyatı ilə sverenliyimizi bərpa etməklə separatçı rejimi çökdürən azərbaycanlılar haqlı olaraq qürur keçirirlər. «Dəmir yumruq bizim Zəfər salnaməmizin, birliyimizin rəmzi idi» sözlərini qürurla səsləndirilər. «Dəmir yumruq» isə hər zaman yerində olacaq. Ulu Öndər Heydər Əliyevin «Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri 50 milyonluq həmvətənimizin milli qürur rəmzinə çevrilərək əbədi yaşayacaq.
Xuraman İsmayılqızı, «İki sahil»