Karbon qazı və metan emissiyaları indiki səviyyədə qalarsa, Antarktidanın buz örtüyü dörddə bir qədər kiçilə bilər.
Bu qənaətə Okean və Yer Elmləri və Texnologiyaları üzrə Yaponiya Agentliyinin (JAMSTEC) mütəxəssisləri gəliblər.
Agentliyin hesabatından belə çıxır ki, qitənin buz örtüyünün sahəsi hazırda təxminən 12 kvadratkilometrdir. Sahə 2016-cı ildən azalmağa başlayıb. Alimlərin fikrincə, bu, qlobal istiləşmə ilə bağlıdır.
JAMSTEC mütəxəssisləri atmosferdə karbon qazının artan konsentrasiyasını nəzərə alaraq Antarktidada mümkün dəyişiklikləri simulyasiya etmək üçün kompüterlərdən istifadə ediblər. Emissiyaların hazırkı səviyyəsi qorunub saxlanılarsa, 2100-cü ilə qədər karbon qazının tərkibi 1,5 dəfə artacaq ki, bu da buz sahəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
Buna baxmayaraq, alimlər hesab edirlər ki, buzların əriməsi prosesi dayandırıla bilər. Buna nail olmaq üçün 2040-cı ilə qədər istixana qazlarının emissiyalarını məhdudlaşdırmaq uğrunda effektiv tədbirlər həyata keçirmək lazımdır. Bu, iqlim vəziyyətinin sabitləşməsinə və ən zəif öyrənilmiş qitənin buz örtüyünün qorunmasına kömək edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Antarktika Tədqiqat İnstitutu belə bir fikir bildirmişdi ki, Arktikada qlobal buz itkisi gözlənilmir, çünki əsrin ortalarında havanın temperaturunun aşağı düşəcəyi gözlənilir.
Nubar Süleymanova, “İki sahil”