Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyası AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və hazırda Mangistau Regional Xəstəxanasında müalicə alan sərnişinlərə baş çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Mangistau vilayətinin akimi Nurdaulet Kilıbay qeyd edib ki, təyyarənin qəzaya uğradığı yerdə 22 təcili tibbi yardım briqadası və Mərkəzi Qəza Tibb Mərkəzinin 6 komandası işləyib. Vilayətdəki multidissiplinar xəstəxanada 30 cərrahiyyə və travmatoloji çarpayı və 10 reanimasiya çarpayısı hazırlanıb.
Xatırladaq ki, vilayət xəstəxanasına 27 yaralı gətirilib. Onlardan 13-ü Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır. 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilir.
Vilayətin uşaq xəstəxanasında isə 2 azyaşlı var.
Kanat Bozumbayev məsul şəxslərə keyfiyyətli müalicə və lazımi qayğı göstərilməsini tapşırıb, həmçinin ölkənin aparıcı elmi tibb mərkəzlərindən yüksək ixtisaslı mütəxəssislərdən ibarət komandanın Aktauya gəldiyini bildirib. Onların arasında reanimatoloqlar, travmatoloqlar, cərrahlar, kombustioloqlar və digər mütəxəssislər var.
Daha sonra Kanat Bozumbayev Azərbaycan hökumətinin nümayəndə heyəti ilə görüşüb. Qazaxıstan Baş nazirin müavini Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə danışıb.
Azərbaycanın nümayəndə heyətinin üzvləri göstərilən köməyə görə Qazaxıstan xalqına minnətdarlıqlarını bildiriblər.