26 dekabr 2024 14:03
107

Rusiya XİN: Diplomatlarımızı Suriyadan geri çağırmamışıq, yeni hakimiyyətlə təmasdayıq

Rusiya öz diplomatlarını Suriyadan geri çağırmayıb və ölkənin yeni hakimiyyəti ilə təmasdadır.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və xarici KİV-lərə müsahibəsində bildirib.

"Biz səfirliyimizin təhlükəsiz fəaliyyətinin təmin edilməsi ilə bağlı praktiki məsələləri müzakirə edirik və ümumiyyətlə ikitərəfli münasibətlərə dair digər məsələlərdə dialoqda maraqlıyıq və buna hazırıq", - o bildirib.

S.Lavrov qeyd edib ki, Rusiya və Suriya arasında uzun müddətdir yaxşı münasibətlər var və Moskva bu münasibətləri bundan sonra da inkişaf etdirəcək. "Yeni hakimiyyət strukturu tam formalaşandan sonra iqtisadiyyat və investisiya əməkdaşlığı sahəsində də münasibətlərin inkişafına ümid edirik", - XİN rəhbəri bildirib.

O qeyd edib ki, Moskva Suriya ilə sərhəddə təhlükəsizlik məsələsində Ankaranın narahatlığını başa düşür. "Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını eşitmişik və onun terror yuvalarının iştirakı ilə dəfələrlə insidentlərin baş verdiyi Suriya ilə sərhəddə təhlükəsizliklə bağlı narahatlığını başa düşürük. Təhlükəsizlik təmin edilməlidir, lakin Suriyanın suverenliyinə hörmət edilməklə. Türkiyə rəhbərliyi də bu mövqedən çıxış edir, biz bunu dəstəkləyirik", - S.Lavrov bildirib.

XİN rəhbəri həmçinin İsraili öz dövlətinin təhlükəsizliyini başqa ölkələrin təhlükəsizliyi hesabına təmin etməyə çalışmamağa çağırıb. "Düşünmək olmaz ki, mən qonşunun bütün hərbi obyektlərini məhv edəcəyəm, sonra da əbədi sülh içində yaşayacağam", - siyasətçi vurğulayıb.