27 dekabr 2024 14:30
239

Milli birliyimizin rəmzi

31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi ölkəmiz üçün milli birlik ideyasının həyata keçirilməsi istiqamətində atılan vacib addımlardan biridir. Bu tarix, azərbaycanlıları bir araya gətirən, milli dəyərlərin qorunmasını təmin edən özəl bir bayramdır.

Həmrəylik günü ilk olaraq 1991-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsini ifadə edən tarixi hadisənin—Sovet rejiminin zəifləməsi fonunda Araz çayı boyunca Sovet-İran sərhədlərinin sökülməsi—zəminində yaranmışdır. 16 dekabr 1991-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu gün rəsmi olaraq bayram elan edilmişdir.

Həmrəylik Gnü azərbaycanlılar arasında milli birliyin, dili, dini və mənəvi dəyərlərin qorunması üçün çağırışı kimi çıxış edir. Həmrəylik günü, eyni zamanda, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir. Hazırda dünyada milyonlarla azərbaycanlı yaşayır və onları birləşdirən təməl amil müstəqil, suveren Azərbaycan dövlətidir. Məhz bu dövlət, öz milli maraqlarına sadiq qalaraq, ümumdünya azərbaycanlılarını bir araya gətirən bir platforma rolunu oynayır.

Azərbaycan xalqı dünya miqyasında qədim tarixə və mədəni irsə malikdir. Bu irs, xalqın milli identikliyinin ayrılmaz bir hissəsi olaraq, zamana və məkanın çətinliklərinə baxmayaraq qorunub saxlanılmışdır. Bu gün, xarici ölkələrdə yaşayan azərbaycanlıları öz milli-mənəvi dəyərlərinə daha yaxın edir, onların Azərbaycan Respublikası ilə əlaqələrini möhkəmləndirir.

Məhz bu birlik, qloballaşma prosesinin yaratdığı çətinliklərə baxmayaraq, azərbaycanlıları milli dövlətçilik ideyası ətrafında bir araya gətirə bilmişdir. Hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, özünü Azərbaycan xalqının bir hissəsi hiss edir və onun milli maraqlarını qorumaq üçün çalışır.

Müasir dövrdə dünya azərbaycanlıları arasında çoxsaylı ölkələrdə təşikatlanma prosesi baş verir. Diaspor təşkilatları, milli-mənəvi dəyərləri yaymaq, Azərbaycanın mədəniyyətini, tarixini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün çox vacib missiyalar yerinə yetirir. Bu proses dünya azərbaycanlıları arasında əlaqələri möhkəmləndirir, ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirir. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar. Onlar yaxşı anlayırlar ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən  və mütəşəkkilliyindən çox asılıdır.

Həmrəylik günü azərbaycanlıları milli birlik rəfində daha möhkəm bərqərar edir. Bu birlik, sadəcə bir bayram deyil, eyni zamanda xalqımızın özünü dürst anlaması, dünya ictimaiyyətində ləyaqətlə təmsil olunması üçün vacibdir. Bu gün, milli birlik əhval-ruhiyyəsinin daha da güclənməsi və özünü dünya xalqları arasında tanıtmaq üçün hər bir azərbaycanlıya ilham verir. 31 dekabr, xalqımızın böyük tarixi irsini, birliyini və ümid dolu gələcəyini simvolik olaraq qeyd etdiyi özəl bir gündür. Hər bir azərbaycanlı öz ünvanından bu bayramı qürurla qeyd edir və birlik rəfində öz yerini möhkəmləndirir.

Bəşər sivilizasiyasının inkişafının indiki mərhələsi dünyanın siyasi mənzərəsinin sürətlə dəyişməsi, millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsi ilə fərqlənir. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplamağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini müdafiə etmək imkanlarını həyata keçirə bilirlər. Dünya tarixinə və mədəniyyətinə misilsiz  töhfələr vermiş Azərbaycan xalqının yeni dövrdə davamlı yüksəlişinin yolu məhz on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Səidə Rəhimova,
Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin direktoru