Diplomatik xidmət orqanlarının fəaliyyəti və həmin orqanlarda xidmət keçən əməkdaşların təminatı ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və bu sahəyə xüsusi diqqət göstərilir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini deyib ki, bu gün Milli Məclisin plenar iclasında diplomatik xidmət orqanları üçün mühüm əhəmiyyət kəsb edən “Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirə olunaraq üçüncü oxunuşda qəbul edilib: “Bu münasibətlə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək bu qanun layihəsini Milli Məclisə təqdim etmiş möhtərəm Prezidentə diplomatik xidmət orqanı əməkdaşları adından dərin təşəkkürümüzü bildiririk. Diplomatik xidmət orqanlarının fəaliyyəti və həmin orqanlarda xidmət keçən əməkdaşların təminatı ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və bu sahəyə xüsusi diqqət göstərilir. Diplomatik xidmət əməkdaşları bu diqqət və qayğının məsuliyyətini anlayaraq Prezident tərəfindən uğurla davam etdirilən xarici siyasətimizin həyata keçirilməsində irəli gələn vəzifələrin icrası üçün öz bilik və bacarıqlarını əsirgəmirlər. Yeni qanun diplomatik xidmət sahəsində fəaliyyətin daha səmərəli təşkilinə böyük töhfə verəcək”.