27 dekabr 2024 16:00
262

"SOCAR Türkiyə"də təyyarə qəzasında həlak olanların xatirəsi anılıb

"SOCAR Türkiyə" və onun qrup şirkətlərinin İstanbul, İzmir, Ankara, Bursa və Kayseridəki ofislərində  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılıb.

Bu barədə məlumatı "İki sahil"ə "SOCAR Türkiyə"dən bildiriblər.

Vurğulanıb ki, anım iştirakçıları bu qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu ediblər.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Orxan Vahidoğlu, "İki sahil"