27 dekabr 2024 16:16
158

Ulu Öndərin uzaqgörənliyinin bariz nümunəsi

Bu gün Azərbaycan xalqı artıq dünyada özünü sübut etmiş bir xalq olaraq tanınır. Xüsusilə də 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin yumruq kimi sıx birləşdirdiyi, formalaşdırdığı xalq İkinci Qarabağ - Vətən müharibəsi zamanı bir daha bəyan etdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında olması ilə barışmayacaq və Azərbaycanın suverenliyinin tam bərpa olunması istiqamətində bundan sonra da fəaliyyət göstərəcək, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər zaman qorunmasında səy və bacarıqlarını əsirgəməyərək əlindən gələni edəcəkdir.

Bu fikirlərin əsası Ulu Öndər Heydər Əliyevin milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərarı ilə bağlıdır. Belə ki, hələ 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

Sonrakı illərdə dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılması, həmrəylik ideologiyasının formalaşması 1995-ci ildə başlayıb, 2001-ci il noyabrın 9-10-da isə ölkəmizin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olan Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı isə hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Ümummilli Lider çıxışında, eyni zamanda, bildirmişdi ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar. Məhz həmin Qurultay bu gün əldə etdiyimiz uğurların əsası oldu. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı bütün dünya azərbaycanlılarının tarixdə görünməmiş dərəcədə göstərdiyi fəallıq, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, onların müzəffər Azərbaycan Ordusu sıralarında döyüşən qəhrəman övladlarımıza verdiyi dəstək, güc, enerji Azərbaycanın Qələbəsi və Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə nəticələndi. 2021-ci ildə Dünya Azərbaycanlılarının növbəti V Qurultayı - Zəfər Qurultayının mədəniyyət incimiz Şuşa şəhərində keçirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsi, onun ideyalarının uğurla həyata keçirilməsinin məntiqi davamıdır.

Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq!

Yaşasın Qarabağ!

Yaşasın Şuşa!

Yaşasın Dünya azərbaycanlıları!

Nuriyyə Hüseynova,
254 №-li tam orta məktəbin informatika müəllimi