27 dekabr 2024 23:58
435

Sabitliyimizin və gələcək uğurlarımızın təminatı

Müasir dövrdə bir dövlətin gücü və müstəqilliyi əsasən daxili sabitlik və xalq-iqtidar birliyinin səviyyəsindən asılıdır. Geosiyasi təhlillər göstərir ki, hər hansı bir ölkədə xalq və iqtidar arasında birliyin olmaması həmin ölkənin sabit və davamlı inkişafını təmin edə bilməz. Azərbaycanın tarixində, xüsusən müstəqilliyin bərpasının ilk illərində baş vermiş proseslər xalq-iqtidar birliyinin olmamasının ölkədəki sosial və siyasi çətinliklərə, hətta faciələrə səbəb olduğunu açıq şəkildə ortaya qoymuşdu. 1991-1992-ci illərdə ölkədə yaranmış idarəolunmaz vəziyyət Azərbaycanın dərin böhrana düçar olması, ölkəni xaos, anarxiya, özbaşınalığın bürüməsi məhz xalq-iqtidar birliyinin təmin olmamasının nəticəsi idi.

Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə xalq-iqtidar birliyi təmin edilmişdir. Məhz xalq-iqtidar birliyi Azərbaycanın həqiqi müstəqillik yoluna qədəm qoymasına şərait yaratmışdır. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev  nəinki xalq-iqtidar birliyini möhkəmləndirmiş, həm də bu birliyin təminatçısı və qarantına - hər bir Azərbaycan vətəndaşının Prezidentinə çevrilmişdir. Məhz buna görə də 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də O, inamlı qələbə qazandı. Dövlət başçısı İlham Əliyevin bütün fəaliyyəti milliyyətindən, dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir vətəndaşa bərabər, tolerant, səmimi yanaşmadan və ən əsası azərbaycançılıq ideologiyasına sadiqlikdən xəbər verir. Azərbaycanda xalq-iqtidar birliyi, yəni, milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 21 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib.

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirib ki, bu gün dünyada gedən proseslər göz qabağındadır: "Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın tarixi Zəfəri də bu sabitliyi daha da möhkəmləndirərək ölkənin gələcəkdə də bu sabitliyi qoruyacağını göstərir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun böyük uğuru yalnız hərbi qələbə ilə məhdudlaşmadı, həm də xalqın  Prezident İlham Əliyevə olan güvəninin bir göstəricisi oldu. Qısa müddət ərzində Azərbaycan Ermənistanı diz çökdürərək kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyinin və siyasi liderliyinin nə qədər güclü olduğunu dünyaya göstərdi. Vətən müharibəsi və sonrakı dövr Prezident İlham Əliyevi yalnız Ali Baş Komandan kimi deyil, həm də hər bir azərbaycanlının inandığı və güvəndiyi bir Lider kimi təqdim etdi. Bu xüsusiyyətlər Prezidentin liderlik bacarıqlarını və xalqın ona olan etimadını artırdı. Həmçinin həm Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt yol verilməyəcəyini bir daha təsdiqlədi.

Vətən müharibəsi və antiterror tədbirləri ilə tam və qəti Qələbənin əldə olunmasında yalnız xalq-iqtidar birliyinin deyil, həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlar və dinamik inkişafın mühüm rolu var. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən iyirmi bir ilə nəzər salsaq görərik ki, bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həm daxili, həm də xarici siyasətdə əldə etdiyi böyük irəliləyişlər, əslində, xalq-iqtidar birliyinin mükəmməl  nümunəsidir. Xalq-iqtidar birliyi ölkədə sabitliyin, əmin-amanlığın və inkişafın təmin edilməsi ilə yanaşı, Azərbaycanın iqtisadiyyatının möhkəmlənməsinə və sosial rifahın yüksəlməsinə gətirib çıxarıb. Bu birlik sayəsində dövlət vətəndaşların etibarını qazandı və siyasi islahatlar ilə şəffaflıq və idarəetmə sahəsində irəliləyişlər əldə olundu. Eyni zamanda, Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı siyasətin doğru istiqamətdə olduğunu qəbul edərək bu siyasətə dəstək verib, ölkənin mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.

Xalq-iqtidar birliyi ölkənin beynəlxalq arenada cəlbedici tərəfdaş kimi tanınmasına və böyük beynəlxalq layihələrin icrasında fəal iştirak etməsinə imkan yaradıb. Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, məsələn, Qoşulmama Hərəkatı və BMT-də daha böyük rol oynaması dövlətin uğurlu xarici siyasətinin nəticəsidir. Bu uğurların əldə olunmasında xalq-iqtidar birliyinin təməlini təşkil edən siyasi sabitlik, vahid siyasi iradə və ölkə əhalisinin öz Liderinə güvəni mühüm rol oynayıb.

Nigar Orucova, “İki sahil”