Artıq, uzun illərdir ki, 31 dekabr tarixi planetin hər yerində həm də,dünya azərbaycanlılarının ümummilli bayramı kimi böyük sevinclə qeyd olunur.Ulu öndər Heydər Əliyevin sayəsində bu bayram dünyada yaşayan bütün həmvətənlərimizin ortaq dəyərindən birinə çevrilib. Dünya azərbaycanlılarının həmrəy olmasını, onların təşkilatlanmasını milli prioritetlərdən hesab edən Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspora ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə vurğulamışdır. Prezident İlham Əliyevin Fransa, Rusiya, Slovakiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa, Belçika, Ukrayna, Gürcüstan, Moldova, Almaniya, ABŞ, Rumıniya, İngiltərə və digər ölkələrə səfərləri zamanı bu məsələ prioritet mövzulardan biri olmuşdur.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Deputat diqqətə çatdırıb ki, dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Dünya azərbaycanlılarının V qurultayı – Zəfər qurultayı Şuşada keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində deyib: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
Deputat vurğulayıb ki, dünya azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmirlər.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ildir ki, pozulmuş ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik doğma yurd, el-oba, torpaq həsrətinə son qoyuldu. Məhz, milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi.
2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz, birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: «Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!"