29 dekabr 2024 00:38
184

Azərbaycan tarixi zəfərləri ilə dünyanı heyran edir

Otuzillik işğal dövründə ölkəmiz dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan etdi. Bir qarış torpağımızın belə düşmənə güzəştə gedilməyəcəyi, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyi diqqətə çatdırıldı. Əsas hədəflərimiz torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunması, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində torpaqlarımız addım-addım, qarış-qarış azad edildi. 2020-ci ildə tarixi Zəfərinə qovuşan Azərbaycan üç il sonra - 2023-cü ildə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Həmin il aprelin 23-də Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz təmin olundu. Beləliklə, Azərbaycanın həyatında yeni dövr başladı. Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri rəsmən Azərbaycana geri qaytarıldı.

Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Qazax rayonunun bu kəndlərinin Azərbaycana geri qaytarılması ölkə rəhbərliyinin uzaqgörən diplomatik siyasətinin növbəti qələbəsi oldu. 1992-ci ildən Ermənistanın qanunsuz işğalına məruz qalan həmin kəndlər ölkə başçısının iradəsi ilə Azərbaycana qaytarıldı. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Belə ki, Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəlib. Artıq sərhədin 12,7 km uzunluğunda olan hissəsi şərti deyil, real sərhəd xəttidir və qarşılıqlı şəkildə tanınır.

Həmçinin Qazaxın 4 kəndinin 1 güllə atılmadan qaytarılması Azərbaycanın suverenliyinin təmin olunmasında daha bir önəmli addımdır. Delimitasiya üzrə komissiyaların əldə etdiyi razılaşmanın icrası təkcə iki ölkə deyil, ümumilikdə Cənubi Qafqazın tarixində yeni səhifə açır, iki ölkə arasında etimad mühiti yaradır. Eyni zamanda, rəsmi Bakının sülh danışıqlarını və delimitasiya ilə bağlı prosesi vasitəçilərsiz, üçüncü tərəf olmadan aparılması təklifinin effektivliyini sübut edir. Qeyd olunmalıdır ki, proses Azərbaycan tərəfinin irəli sürdüyü məntiqli və ədalətli təkliflər əsasında həyata keçirilir. Bu tarixi hadisə də Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə vadar etdi.

Delimitasiya prosesi ilə bağlı aydın və kompleks yanaşma sərgiləyən Azərbaycan Prezidenti anklav kəndlərlə bağlı da yanaşmasını ortaya qoyub. “O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.

Ermənistan cəmiyyətindəki narazılıqlara baxmayaraq rəsmi İrəvanın delimitasiya prosesi üzrə nümayiş etdirdiyi konstruktivlik heç də Paşinyanın qanunpərəstliyindən, hümanistliyindən irəli gəlmir. Birinci səbəb Azərbaycan Ordusunun 44 günlük müharibədə ermənilərə vurduğu zərbə və əldə etdiyi qələbədir. Digər tərəfdən Azərbaycan öz xarici siyasətində daim beynəlxalq hüquqa əsaslanır. İrəvanda da yaxşı başa düşürlər ki, Azərbaycan öz tələblərində haqlıdır. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan Ordusu özü sərhədləri müəyyən edəcək. Bu isə İrəvana çox baha başa gələcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”