29 dekabr 2024 12:24
150

Anti-Azərbaycan dairələr faciədən dividend qazanmağa çalışırlar - Deputat

“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və 38 nəfərin həlak olması hamımızı sarsıtdı. MDB Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına yola düşən Prezident İlham Əliyev xəbəri təyyarədə aldıqdan dərhal sonra səfərini yarımçıq qoyub geri döndü, elə hava limanında müşavirə keçirdi, qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlarını verdi. Bu kədərli hadisə Azərbaycan xalqının öz dövləti ilə həmrəyliyini, çətin anlarda belə sağlam düşüncələrlə düzgün hərəkət etmək iqtidarında olduğunu bir daha ortaya qoydu”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

A.Məmmədov təəssüflə qeyd edib ki, bu ümumxalq kədərindən belə, spekulyasiya kimi istifadə etməyə çalışanlar, rəyçaşdırıcı arqumentlər irəli sürərək şübhə toxumları əkənlər var: “Siyasi riyakarlığı özünə peşə seçmiş “beşinci kolon” nümayəndələri Azərbaycan dövlətinin maraqlarına xəyanət etməklə yanaşı, öz mövcudluqlarını qorumaq üçün hər addımda siyasi şou hazırlayıb dividend qazanmağa çalışırlar. Anti-Azərbaycan mərkəzlərlə işbirliyində olan radikal ünsürlər ölkəmizin əleyhinə şər-böhtanlar yaymağa çalışır, hətta siyasi etiket qaydalarını belə gözləmirlər.” 

Milli Məclisin deputatı vurğulayıb ki, hər şeydən əvvəl bu hadisə bir ölkənin faciəsidir: “Ondan kiminsə siyasi məqsədlə istifadə etməyə çalışması insanlığa yaraşmayan hərəkətdir. Müxalifət bu hadisədən özü üçün dividend qazanmaq istəyirsə, bunu insan ləyaqətinə sığmayan hərəkət hesab etmək lazımdır. Digər tərəfdən, bu formada ucuz təbliğat aparmaq heç bir siyasi təşkilata başucalığı gətirməz. Özünü bu cür vətənpərvər göstərməyə çalışmaqla hörmət qazanmaq mümkün deyil. Çünki hər kəs bilir ki, bu, tamamilə riyakarlıqdır, qeyri-səmimi bir hərəkətdir və bununla siyasi nüfuz qazanmaq, siyasi dividendlər əldə etmək mümkün deyil.

Bununla belə məlum qüvvələr hələ də tarixin keçdiyi dərsdən nəticə çıxarmaq istəyində deyillər. Fəaliyyəti daha çox Azərbaycanda xaotik bir durumun formalaşmasına köklənmiş və hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasında yaşayan, köhnə təfəkküründən əl çəkə bilməyən radikal müxalifətin istək və əməli bunun real təcəssümüdür. Adını müxalifət qoysa da, əməlləri daha çox xalqa və onun formalaşdırdığı müstəqil dövlətə qarşı yönələn, beləliklə də əsl mahiyyətini istər-istəməz faş edən radikal qüvvələrin Azərbaycanda nədən hər vəchlə sabitliyin pozulmasına, anarxiyanın yaranmasına çalışmasının səbəbi əslində heç kimə sirr deyil! Çünki heç bir sosial bazası olmayan, xalqdan özünü təcrid edən radikal müxalifət yalnız bu halda yenidən hakimiyyətə qayıda biləcəyinə ümid bəsləyir. Ancaq o da maraqlıdır ki, Azərbaycanda 1990-cı illərin əvvəllərində mövcud olan xaotik durumun yaranmasını həm də ölkəmizə qarşı çıxan qüvvələr istəyir. Deməli, radikal müxalifət də, müstəqil Azərbaycana zidd çıxan qüvvələr də əməlləri ilə faktiki olaraq eyni bir şəbəkəyə bağlıdırlar. 

Təyyarə qəzasında həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr, yaralılara isə şəfa diləyirik”.

Orxan Vahidoğlu, “İki sahil”