30 dekabr 2024 11:17
189

“Qara qutu”ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək

Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir.  Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı vacib məqamlara toxundu. Ölkə rəhbəri Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, müsahibədə dövlət başçımız ilk  üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiyini, qəzanın təfərrüatlarının  tam araşdırılacağını dilə gətirib : " Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır".
Deputat diqqətə çatdırıb ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu. Ancaq , xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz. Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirilən fikirlər  də bunu özündə ehtiva edir.Burada hər hansı bir qəsdən terror aktı törətməkdən söhbət gedə bilməz. Prezident də bunu açıq şəkildə söylədi: “Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”. 

Daha sonra cənab Prezident İlham Əliyev bildirib: “Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz, bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz, bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz, bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”
K.Bayramov xüsusilə vurğulayıb ki,dövlətimizin başçısının qətiyyətini həm 44 günlük Qarabağ müharibəsi zamanı, həm də sonrakı dönəmdə bütün dünya gördü. Bu qətiyyət sayəsində Qərbin Azərbaycana maksimal təzyiqləri nəticəsiz qaldı. Sevindirici haldır ki, Azərbaycan xalqı təyyarə qəzası zamanı da eyni qətiyyət və prinsipiallığa şahidlik etdi. Azərbaycan Prezidenti müsahibəsində açıq şəkildə bəyan etdi ki, qəzanın istintaqı müstəqil ekspertlərin iştirakı ilə aparılacaq.

Azərbaycan Respublikasının obyektiv və prinsipial mövqeyi nəzərə alınaraq, Azərbaycan Hava Yollarına məxsus və Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsinin “qara qutu”larının Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat  Nazirliyininə bildirilib ki, “qara qutu”ların çatdırılması və oxunması prosesi azərbaycanlı mütəxəssislərin birbaşa müşayiəti və bilavasitə iştirakı ilə həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan tərəfindən cəlb edilmiş bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər də bu prosesdə iştirak edəcək. Bu yanaşma, qəza araşdırmalarının tam şəffaf və beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək məqsədi daşıyır.