Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qərar ölkənin konstitusiyasının və suverenliyinin qorunması, gücləndirilməsi və əhəmiyyətinin bir daha vurğulanması məqsədini daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və müstəqil Azərbaycanın ilk əsas qanunu kimi hüquqi dövlət quruculuğunun əsası qoyulmuşdur. Konstitusiya ölkənin hüquqi sistemində qanunun aliliyini təmin edən baza sənəd olmaqla, dövlət suverenliyinin qorunması, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, sosial ədalətin və bərabərliyin qorunması kimi prinsipləri əks etdirir.
Konstitusiyanın qəbul edilməsinin 30 illiyi Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolunu yenidən qiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün tarixi bir fürsətdir. Ölkənin hüquqi bazasının müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsi və ictimai həmrəyliyin daha da gücləndirilməsi bu ilin əsas məqsədlərindən biridir.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarını azad etmişdir. Prezident İlham Əliyev Sərəncamında məhz bu nailiyyətlərin əhəmiyyətini vurğulayaraq, Konstitusiyanın hüquqi qüvvəsinin azad edilmiş ərazilərdə yenidən bərqərar olmasını diqqətə çatdırmışdır.
Suverenlik və dövlətçilik dəyərlərinin inkişafı hər bir dövlətin möhkəm təməllər üzərində qurulmasını və gələcəkdə dayanıqlı inkişafını təmin edir. Bu prinsiplər dövlətin daxili sabitliyini və beynəlxalq aləmdəki nüfuzunu gücləndirir. Eyni zamanda, suverenlik və dövlətçilik dəyərləri xalqın milli kimliyini və birliyini qoruyaraq gələcək nəsillərə ötürülür. Dövlətçilik dəyərləri isə cəmiyyətin milli birliyini, qanunun aliliyini və ictimai sabitliyi qorumaq üçün mühüm rol oynayır. Bu dəyərlər olmadan heç bir dövlət uzunmüddətli inkişaf və təhlükəsizlik əldə edə bilməz. Beləliklə, suverenlik və dövlətçilik dəyərləri yalnız bugünkü sabitliyi deyil, eyni zamanda gələcək nəsillər üçün güclü və firavan bir dövlətin əsasını təşkil edir.
Suverenliyin təmin olunması, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu yanaşma dövlətin milli maraqlarını effektiv şəkildə müdafiə etməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan həm regional, həm də qlobal miqyasda suverenlik və dövlət müstəqilliyi prinsiplərinin təbliğində mühüm aktor olaraq çıxış edir. Qarabağ münaqişəsinin həlli və bölgədə yeni reallıqların formalaşdığı bir şəraitdə, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasətinin nümayişi xüsusi önəm daşıyır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələdir. Bu təşəbbüs xalqın birliyinin gücləndirilməsi, dövlətin hüquqi bazasının təkmilləşdirilməsi və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Bu il ərzində həyata keçiriləcək tədbirlər və islahatlar ölkənin gələcək inkişafı üçün möhkəm təməl yaradacaqdır. Cari il, həmçinin Azərbaycan xalqının milli qürurunu, azadlıq mübarizəsində qazandığı nailiyyətləri bir daha nümayiş etdirmək üçün tarixi bir imkandır.
Nurlan Həsənov,
Milli Məclisin deputatı