07 yanvar 2025 12:24
138

Bu sınaqdan Azərbaycan və Qazaxıstan dostluğu üzü ağ çıxdı və dostluğumuz daha da gücləndi

Prezident İlham Əliyev Sankt-Peterburq Zirvə görüşünə uçarkən 25 dekabr 2024-cü il  tarixində Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb. Dərhal geri dönüş göstərişi verir. Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılmış və heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Eyni zamanda həkimlərdən ibarət heyət göndərilmiş və Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır. İlkin versiya üzərində iş başladı. Son versiya “Qara Qutu”lar açılandan sonra bəlli olacaq. 

Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində Qroznı şəhəri yaxınlığında xaricdən zədə almış, radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb, yerdən də atəş açılıb. Qəzanın təfərrüatları tam araşdırılacaq. Beynəlxalq ekspertlərdən ibarət işçi qrup  yaradılmışdır. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”-in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı  məlumatlandırılacaq və məlumatlandırılır. Prezident İlham Əliyev qeyd etdi ki, pilotların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirir. Pilotlar həm peşəkarlıq, həm də elə qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etmişlər. Pilotlar təcrübəli olduqları üçün bilirdilər ki, bu qəza enişindən sağ çıxmayacaqlar. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər, bunun nəticəsində də füzelyajın bir hissəsi yanmayıb.                  Pilotlar və ekipaj üzvləri, xüsusilə də qadın üzvləri həm peşəkarlıq, həm də soyuqqanlılıq göstərmişlər. Onlar özləri stress vəziyyətində ola-ola, sərnişinləri sakitləşdirir, təyyarədə xaos vəziyyətinin yaranmaması üçün insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişiblər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışlar. Onlar öz həyatlarını riskə atmışdılar. Çünki təyyarənin digər hissəsi də partlaya bilərdi. Ancaq buna baxmayaraq, onlar əsl qəhrəmanlıq

göstərmişlər. Həkim personalının fəaliyyəti də xüsusi qiymətləndirilməlidir. Onlar yaralı sərnişinləri dərhal tibb məntəqələrinə aparıblar. Qazaxıstanlı qardaş və bacılarımızın həmrəylik nümayiş etdirməyi Azərbaycan xalqının qəlbində böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoyub öz münasibətlərini və həmrəy olduqlarını bildirmişlər. Əsl dostluq, qardaşlıq belə olar. Bu qəzada Qazaxıstan vətəndaşları da həlak olmuşdur. Cənab İlham Əliyev Qazaxıstan Prezidenti Tokayevə zəng edərək, həm təşəkkürünü bildirmişdir, həm də başsağlığı vermişdir. Cənab Tokayev də öz növbəsində Cənab İlham Əliyevə başsağlığı vermişdir. Bu hadisə ağır olsa da, bir sınaq məsələsi idi. Bu sınaqdan Azərbaycan və Qazaxıstan dostluğu üzü ağ çıxdı və dostluğumuz daha da gücləndi.

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü