Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür.
“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
"2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi, çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Yalnız bunları. Sonra biz Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdik. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır", - Prezident deyib.
Dövlət başçısı bildirib ki, hazırda əsas məsələ yeni istiqamətlərə çıxmaqdır: "Bu məqsədlə mövcud interkonnektorları genişləndirmək və ola bilsin, yenilərini tikmək üçün Avropada əlavə sərmayələr qoyulmalıdır. Hətta indi, 12 ölkəni boru ilə nəql olunan qazla əhatə etməklə, düşünürəm ki, Azərbaycan hazırda dünyada bu cür böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir. Fikrimcə, təchizat coğrafiyası baxımından ölkəmiz Avropada, həmçinin aparıcı ölkələrdən biridir, çünki bu göstərici qazın həcmi qədər vacibdir və bəzi ölkələr üçün hətta 1 milyard kubmetr belə böyük fərq yaradır. Beləliklə, biz öz öhdəliklərimizə böyük məsuliyyət hissi ilə yanaşırıq".