08 yanvar 2025 09:09
106

İDDİA - ABŞ bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

"İki ABŞ rəsmisi mənə dedi ki, (ABŞ prezidenti Co) Bayden administrasiyası bu həftə (Prezident Nikolas) Maduronun Venesuelada prezidentin inaqurasiya mərasimi ərəfəsində bu həftə yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Dövlət Departamenti sanksiyaların ilk mərhələsini çərşənbə günü elan edə bilər".

“İki sahil” xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbələrə istinadən “X”də yazıb.

Xatırladaq ki, 2024-cü il iyulun 28-də Venesuelada seçkilər keçirilib və seçkilərdə hazırkı dövlət başçısı Maduro qalib gəlib. Ona seçicilərin 51,95 faizi səs verib. Onun əsas rəqibi Edmundo Qonzales Urrutia seçicilərin 43,18%-nin dəstəyini qazanıb. Müxalifət liderlərindən biri Mariya Korina Maçado artıq səsvermə günü Qonzalesin komandasının seçkilərdə məğlubiyyətini etiraf etməyəcəyini bildirib.

Rusiya, Boliviya, Honduras, İran, Çin, Kuba, Nikaraqua və digər ölkələr Maduronu qələbə münasibətilə təbrik ediblər. Yanvarın 10-da Karakasda keçiriləcək andiçmə mərasimində Rusiya Federasiyasını Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək. Eyni zamanda, ABŞ da daxil olmaqla bir sıra ölkələr Maduronun üçüncü müddətə yenidən seçilməsini tanımayıblar və Qonzalesi dəstəkləyiblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”