06 yanvar 2025 11:16
336

STAR Neft Emalı Zavodu Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahibdir - Elçin İbadov

STAR Neft Emalı Zavodu (NEZ) 19 oktyabr 2018-ci il tarixində beynəlxalq mərasimlə fəaliyyətə başlayıb. STAR NEZ emal və neft-kimya inteqrasiyasını təmin edir və Türkiyədə tək nöqtəyə edilən ən böyük real sektor investisiyasıdır. STAR NEZ, Türkiyənin ilk “Strateji İnvestisiya Təşviqi” Sertifikatına sahibdir.

“İki sahil”in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov keçirilən mətbuat konfransında bildirib. 

Baş icraçı direktor qeyd edib ki, 2024-cü ilin sonundan etibarən xam neftin emal həcmi ildə 13 milyontona çatdırılıb. 2023-cü ildə istehsal 
gücündən istifadə əmsalı 117,1% təşkil etmişdir. STAR NEZ-də Dizel, Nafta, Aviasiya Yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18%-i qarşılanmışdır. STAR NEZ-in istehsal etdiyi illik nafta ilə Petkimin xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir.

E.İbadov vurğulayıb ki, STAR NEZ 2021-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına qoşulan  ilk neft emalı zavodu olmuşdur. STAR NEZ Egey Zonası Sənaye Palatasının (EBSO) 2023-cü il üzrə 100 Ən Böyük Şirkət siyahısında birinci yerdə qərarlaşmışdır.  İstanbul Sənaye Palatası tərəfindən hazırlanan "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” 2023  Araşdırması'nda STAR NEZ üçüncü yeri tutub. "Capital" jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini açıqladığı “Capital 500” siyahısında STAR NEZ 2023-cü  ildə 11-ci yerdə qərarlaşıb.  STAR NEZ, Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli “FORTUNE 500 Türkiyə 2023 Araşdırması”nda  11-ci yeri tutub.

Orxan Vahidoğlu, “İki sahil”
İstanbul