08 yanvar 2025 14:29
120

Suriyanın yeni hakimiyyətinin lideri ilk xarici səfərini Türkiyəyə edəcək

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şəraa ilk xarici səfərini Türkiyəyə edəcək.

"İki sahil" “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, səfər yaxın günlərdə nəzərdə tutulsa da, proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salınıb.

Əhməd əl-Şəraanın Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. O, Bəşər Əsəd rejiminin devrilməsi üçün göstərdiyi köməyə görə Türkiyə liderinə təşəkkür etmək niyyətindədir.

Suriyada müxalifət qüvvələrinin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olub. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyanın paytaxtına səfər edib.

Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də paytaxt Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub. Keçid dövrünün martın 1-dək davam edəcəyi gözlənilir.