Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.
Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. Bu barədə dövlətimizin başçısı da müsahibəsində qeyd etdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.
Yanvarın 7-də baş tutan müsahibə zamanı dövlətimizin başçısı jurnalistlərin ünvanladığı hər bir sualın cavabını çox geniş şəkildə təhlil edərək geniş ictimaiyyətə çatdırdı. Jurnalistlərin birbaşa Prezidentlə təması və onları düşündürən suallara cavab verilməsi dünya praktikasında çox az rast gəlinən haldır. Bununla da Prezident İlham Əliyev mətbuata və ictimaiyyətə açıq olmaqla öz xalqını sevən Lider olduğunu bir daha sübut etmiş oldu.
Anar Məmmədov,
Milli Məclisin deputatı