Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraiti, cənab Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısını vurğulayan Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətlərinin təşkili istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, sanatoriya və kurort müəssisələri artıq qış aylarında da fəaliyyət göstərir və mövsüm ərzində ittifaq üzvlərinə yollayışlar güzəştli şərtlərlə təklif olunur. Şəffaflığın, əlçatanlığın və rahatlığın təmin edilməsi məqsədilə AHİK-in nəzdində “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi mərkəzləşdirilib və sadələşdirilib.
Konfederasiya sədri sosial layihələrin icrası, sanatoriyalarda tibbi reabilitasiya xidmətlərinin göstərilməsi, birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili, sağlamlığın təşviqi məsələlərində TƏBİB-lə əməkdaşlıq perspektivlərini vurğulayıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edib, əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirib. TƏBİB-in rəhbəri tibbi turizmin inkişafının, sanatoriyalarda reabilitasiya xidmətləri sferasının genişləndirilməsinin önəmini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb.