11 yanvar 2025 12:50
110

Azərbaycan Cənubi Qafqazın lokomotivi olaraq düşünülmüş çoxvektorlu xarici siyasət nümayiş etdirir

Bu gün dördüncü sənaye inqilabının baş verdiyi dünyamızın transformasiyası fonunda ölkələr, xüsusilə də inkişaf etmiş, qlobal layihələrin iştirakçısına çevrilmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla bütün sahələrdə öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər. Azərbaycan da öz növbəsində Cənubi Qafqazın lokomotivi olaraq öz məsuliyyətini tam aydın şəkildə dərk edərək, davamlı olaraq inkişaf edir, düşünülmüş çoxvektorlu xarici siyasət nümayiş etdirir.

Təbii ki, davamlı inkişafın kökündə ölkə daxilində hər bir sahəni əhatə edən proqramlar, uğurlu sosial-iqtisadi layihələr, o cümlədən müasir dövrün tələblərinə cavab verən media islahatları dayanır.

Qeyd edək ki, son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir.

Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib.

Bildiyimiz kimi, 07 yanvar 2025-ci il tarixində dövlət başçısı yerli televiziya kanallarının nümayəndələri ilə görüş keçirdi, həm 2024-cü ilin sosial-iqtisadi nəticələrinə, həm də 2025-ci ildə Azərbaycanın, hər birimizin qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi, eyni zamanda jurnalistlərlə geniş fikir mübadiləsi apardı.

Bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən hadisə kimi də qiymətləndirilir.

Artıq ənənə halını almış bu müsahibələrin keçirilməsi doğrudan da ölkədə cəmiyyət üçün çox faydalı və zəruridir. Ölkə başçısı istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamətlərini əhatə edən sualları cavablandırmaqla il ərzində görülmüş işlərə öz qiymətini verir.

Onun səsləndirilən suallara geniş müsahibə formatında öz fikrini bildirməsini bir neçə istiqamətdə ehtiva etmək mümkündür. 

İlk növbədə ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulmuş hədəflərə nail olunmasında hansı istiqamətdə fəaliyyət göstərəcəyini konkret olaraq Canab Prezidentin nitqindən eşidir.

Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibəyə əsaslanaraq məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlərin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər.

Bu müsahibə eyni zamanda cəmiyyətdə müxtəlif fikirlərə sahib, fərqli düşünən beyin mərkəzləri tərəfindən əlavə olaraq mətbuatda müzakirələrə səbəb ola biləcək məsələlərin qarşısının alınmasında, səsləndirilə biləcək fikirlərin daha düzgün və dolğun olmasında Cənab Prezidentin çıxışına istinad edilə bilməsi baxımından faydalıdır.

Xüsusilə, dövlət başçısının əldə olunan iqtisadi nailiyyətləri, eləcə də sosial sahədə görülən işləri qeyd etməsi, son illərdə icra olunan dörd sosial paketə 7 milyard manatdan çox vəsaitin xərclənməsi ilə bağlı məlumatı səsləndirməsi, zənnimcə, hər bir Azərbaycan vətəndaşının rifahı üçün həyata keçirilən ardıcıl tədbirləri hər bir vətəndaşımız üçün bir daha aydın etdi.

Verilən müsahibədə əsas istiqamətlərdən biri isə beynəlxalq təşkilatlar, beynəlxalq təşkilatlara üzv olan dünya dövlətləri üçün Azərbaycanın prioritetləri və hədəflərinə dair aydın baxışın ortaya qoyulmasıdır.

Azərbaycanın ötən ildə COP29-a uğurlu ev sahibliyini, ardınca isə dekabr ayında müsəlman ölkələrini birləşdirən ən böyük təsisat olan D-8 təşkilatına qəbul edilməsi beynəlxalq aləmdə artan nüfuzumuzun əyani sübutudur. Nailiyyətlərimizə mane ola bilməyən, uğurlarımızı gözü götürməyən bəzi dairələr çıxış yolunu regionda vəziyyəti yenidən gərginləşdirməkdə görürlər. Prezident İlham Əliyevin müsahibə zamanı qeyd etdiyi kimi, “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir.”

Lakin, bütün bunlara baxmayaraq, baş verən proseslər onu deməyə əsas verir ki, konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən Azərbaycan xalqı yenidən qürurlanacaq, Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik İli”ndə Cənubi Qafqazda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması reallığa çevriləcək.

İnanırıq ki, Azərbaycanın qarşıda duran hədəflərə nail olmasında yerli telekanallar, kütləvi informasiya vasitələri, dövrü mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası öz səylərini əsirgəməyəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində bundan sonra da əzmkar fəaliyyət göstərəcəkdir.

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı