ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərinin hava limanında reysi təxirə salınan “Delta Air Lines” şirkətinə məxsus təyyarədən sərnişinlərin təxliyyəsi zamanı 4 nəfərin yaralandığı bildirilib.
“İki sahil” AA-ya istinadla xəbər verir ki, bu barədə Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanı məlumat yayıb.
Qeyd edilib ki, “Delta Air Lines”in Minneapolisə uçması planlaşdırılan təyyarənin uçuşu mühərrik problemi ilə əlaqədar ləğv edilib. Təyyarədə olan sərnişinlərin uçuş-enmə zolağında təcili sürüşmələrdən istifadə edərək təxliyyəsi zamanı 3-ü yüngül olmaqla 4 sərnişin xəsarət alıb.
Ölkədəki uçuşları izləyən “FlightAware” saytının məlumatına görə, ABŞ-da güclü qar və buzlanma səbəbindən yüzlərlə reys ləğv edilib, daha yüzlərlə uçuş gecikib.
ABŞ-ın 13 ştatında yağan güclü qar və soyuq hava quru, dəniz və hava nəqliyyatında böyük axsamalara səbəb olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”