11 yanvar 2025 19:48
107

Şəhid övladları tərəfindən bir ilk: "Möcüzələr diyarına..." adlı tamaşanı onlar təqdim etdilər

Şəhid övladları tərəfindən bir ilk: "Möcüzələr diyarına..." adlı tamaşanı onlar təqdim etdilər

“İki sahil” xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, “Yonca” Estetik İnkişaf Mərkəzinin və “Zəfər sədası” xor qrupunun təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Möcüzələr diyarına...” adlı tamaşanın primyerası baş tutub. Primyera əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tamaşadan öncə Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx  nümayiş etdirilib.

“Yonca” Estetik İnkişaf  Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib.  Vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə sahib çıxılmasında bizə düşən pay şəhidlərimizin övladlarının vaxtlarının səmərəli keçirilməsi, istedadlarının üzə çıxarılması və milli ruhda yetişdirilməsi hər birimizin borcudur.

"Zəfər sədası" layihəsinin rəhbəri Həcər Əkbərova tamaşanın təşkilinə dəstək göstərən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayevə təşəkkürünü bildirib.

Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpaqlarımız uğrunda canından keçən igidlərimizin qəhrəmanlığından söz açıb. Millət vəkili qeyd edib ki, bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərən Şəhidlərimizin uşaqları unudulmur: “Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdirlər.”

Çıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olunub. “Zəfər sədası” xor qrupundan ibarət Şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış ediblər.

5-14 yaşlı uşaqların səhnələşdirdikləri rollar müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. Tamaşa iki uşağın - Cəsur və Ziynətin nənəsi ilə söhbətlə başlayıb. Tamaşadakı baş qəhrəmanlar  bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olublar.  Müxtəlif  nağıl qəhrəmanları  möcüzələr diyarına düşən uşaqlar canlandırdıqları nağıl obrazları ilə birgə maraqlı oyunların içində iştirak ediblər.

Tamaşadan sonra “Zəfər Sədası” xor qrupu tərəfindən şanlı Ordumuzun Zəfər tarixindən və milli mənəvi dəyərlərimizdən bəhs edən şeirlər, musiqilər səsləndirilib.

Sonda tədbirdə  iştirak edən 500 dən  çox  uşağa ATİAHİ tərəfindən hədiyyələr təqdim olunub.