“Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin müasir geosiyasi vəziyyəti, bərpa işləri və təhlükəsizlik siyasəti baxımından çox əhatəli bir çıxış kimi yadda qaldı. Bu müsahibə Qarabağın və Şərqi Zəngəzurun bərpası, Ermənistanla münasibətlər, beynəlxalq aktorların təsiri və Azərbaycanın qarşısında duran çağırışlar mövzularını əhatə etməklə yanaşı, Prezidentin strateji baxışını və qətiyyətli mövqeyini əks etdirirdi.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında millət vəkili Müşfiq Məmmədli səsləndirib. O, Prezident İlham Əliyevin çıxışını Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi və ölkəmizin gələcək inkişafının təmin edilməsi baxımından mühüm bir yol xəritəsi kimi qiymətləndirib.
Müşfiq Məmmədli bildirib ki, Azərbaycan öz ərazilərini bərpa etməklə ədalətə nail olub. Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün bu il ayrılan 4 milyard manatlıq büdcə, Prezidentin çıxışında vurğulandığı kimi, bu ərazilərin iqtisadi və sosial baxımdan yenidən canlandırılması istiqamətində iradəni göstərir. Deputat əlavə edib ki, bu, yalnız bir iqtisadi məsələ deyil, həm də Azərbaycanın milli suverenliyinin tam təmin edilməsi ilə bağlı prinsipial bir addımdır.
Eyni zamanda, təhlükəsizlik və hərbi məsələlərə ayrılan 8,4 milyard manat, Ermənistanın davam edən silahlanma siyasətinə cavab olaraq zəruri addım kimi qiymətləndirilir. Bu xərclər Ermənistanın təcavüzkar siyasətindən doğan bir zərurət olmaqla yanaşı, ölkənin müdafiə qabiliyyətini və regionda sabitliyi təmin etmək məqsədi daşıyır. “Bu mənbələrin əhəmiyyətli bir hissəsi başqa sosial və iqtisadi sahələrə yönəldilə bilərdi, lakin Ermənistanın təxribatları bizim üçün əlavə xərcləri zəruri edir,” – deyə Müşfiq Məmmədli vurğulayıb.
Müşfiq Məmmədli Prezident İlham Əliyevin Ermənistan rəhbərliyinin irqçi və düşmənçilik ruhlu bəyanatlarına istinadını xüsusi qeyd edib. Deputat bildirib ki, faşizm ideologiyasının Ermənistanın həm iqtidarında, həm də müxalifətində davam etməsi region üçün əsas təhlükədir. Ölkə başçısının “Faşizm tamamilə məhv edilməlidir” bəyanatı Azərbaycanın bu təhlükəni aradan qaldırmaqda qətiyyətli olduğunu bir daha göstərir.
“Azərbaycanın ABŞ və Avropa İttifaqı ilə üçtərəfli görüşdən imtinası ölkəmizin milli maraqlara əsaslanan xarici siyasətinin prinsipiallığını nümayiş etdirir. Bu addım Azərbaycanın heç bir beynəlxalq təzyiq qarşısında öz maraqlarından geri çəkilməyəcəyini bir daha göstərir,” – deyə deputat əlavə edib.
Müşfiq Məmmədli qeyd edib ki, Prezident İlham Əliyevin strateji baxışları və qətiyyətli mövqeyi sayəsində Azərbaycan regionun aparıcı dövləti olaraq öz mövqeyini daha da möhkəmləndirəcək.