15 yanvar 2025 23:57
90

ŞADLILAR ŞƏCƏRƏSİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

VAQİF ŞADLİNSKİ-85

İlk mayasının qoyuluş sədası minilliklərin dərinliklərindən gələn və mövcud olan bütün tibb elmi sahələrinin təməl daşlarını, möhkəm bünövrəsini  təşkil edən həm qədim,həm də indiki morfologiya elmi sadədən mürəkkəbə doğru inkişaf edərək, sərhədləri görünməyən uzun və şərəfli bir yol keçmişdir.Bu şərəfli yolun nüfuzlu yolçularından biri də Azərbaycan morfologiya elminin beynəlxalq aləmdə də tanınan və hamı tərəfindən hörmətlə qarşılanan sanballı nümayəndəsi, bir sıra xarici ölkələrin tanınmış elm mərkəzlərinin həqiqi və fəxri üzvü,  beynəlxalq təltiflər, mükafatlar kolleksiyaları laureatı,Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının, Avropa Patoloqlar Cəmiyyəti İdarə Heyətinin, üzvü, Azərbaycan “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin sədri, “Nəzəri, Kliniki və Eksperimental Morfologiya” jurnalının baş redaktoru, Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskidir.

V.Şadlinski həm də qədim türk elinin məşhur Şadlılar şəcərəsinin indiki nəslinin ən görkəmli nümayəndəsi kimi onların ulu köklərini birbəbir araşdırıb tapıb, bu şəcərə nümayəndələrinin ən qədim türk soykökünə mənsubluqlarını tarixi faktlarla sübuta yetirib. O, həm də bu məşhur nəslin həm Abbasqulu bəyəqədərki, həm də ondansonrakı mərhələlərini səbir və təmkinlə ən xırda detallarına qədər təhlil edib, nəticədə onun özünün müəllifliyi ilə çap olunan “Şadlinskilər” adlı məşhur tarixi əsər işıq üzü görə bilib. Möhtəşəm bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar, vüqarlı sərkərdələr, mükəmməl pedaqoqlar, əsl insanlar, məhşur alimlər, həmçinin Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski, Ceyhun Şadlinski və başqa kimi dövlət, elm, siyasi və ictimai xadimlər bəxş edib.  

BİLAS MÜƏLLİM FENOMENİ

V. Şadlinski 1940-cı il yanvar ayının 24-də qarlı-şaxtalı bir qış günündə qədim Azərbaycan torpağı olan indiki Ermənistanın, əslində, Qərbi Azərbaycanın Vedi rayonunda ziyalı ailəsində anadan olub.Atası Bilas müəllim dövrünün ən görkəmli orta məktəb direktorlarından, qayğıkeş və nurani müəllimlərindən, çıraqla axtarılası olan nadir ziyalılarından idi. O, Qərbi Azərbaycanda evbəev gəzərək bütün türk uşaqlarını məktəbdə təhsil almağa cəlb edir, bir nəfərin də təhsildən kənarda qalmasına imkan vermir, bununla da gələcəyin ziyalılarını, alim və sərkərdələrini yetişdirirdi. Ərəb və fars dillərini mükəmməl bilən Bilas müəllimin nurlu çöhrəsi, müdrik xüsusiyyətləri indi də onu tanıyan hər kəsin gözləri önündədir. O, müqəddəs “Qurani Kərim” kitabını mükəmməl bilirdi və öz şəxsi təşəbbüsü ilə məktəbdənkənar vaxtlarda onun ayrı-ayrı fraqmentlərini orijinaldan Azərbaycan dilinə tərcümə edirdi.Təəssüf ki, ağsaqqallıq zirvəsinə yüksələn, elin sevgi və məhəbbətini qazanan Bilas müəllim cahanşümul xeyirxah ideyalarını sona çatdırmağa macal tapa bilmədi. Əsl insani keyfiyyətlərə, fenomen xüsusiyyətlərə malik olan Bilas müəllimin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. Belə ki, o, sağlığında layiq olduğu “Əməkdar müəllim” fəxri adna və “Lenin” ordeninə, eləcə də SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeninə  layiq görülmüşdü. Doğrudur, bolşeviklər dövründə  erməni diasporunun güclü təsiri altında olan SSRİ-də azərbaycanlılara belə təltiflər verməkdə aşkar “xəsisliklər” edilirdi. Buna baxmayaraq SSRİ-nin bu sahə üzrə rəhbərlərinin özləri belə Bilas müəllimin orta məktəb təhsilinin tədrisi sahələrində xidmətləri qarşısında  heç bir bəhanə tapa bilməyərək, ona layiq olduğu bu təltifləri verməyə məcbur idilər.  

QAŞLARI ÇATILMIŞ 8 YAŞLI AZƏRBAYCAN KÖRPƏSİNİN HAY DEPORTASİYASI HİDDƏTLƏRİ, ATİ-dəki TƏLƏBƏLİK İLLƏRİ

1948-1952-ci illərdə çoxsaylı türkdilli Azərbaycan ailələrinin erməni daşnakları tərəfindən dədə-baba yurdlarından deportasiyaya uğradılmaları zamanı 8 yaşlı məktəbli Vaqif Şadlinskinin hələ uşaqkən hay vandallarının zorakılıqlarına qarşı hiddətli nəzərlərinin vulkan püskürtüləri ilə üsyana qalxması fonunda erməni quldurları heç kəsə aman vermədən onun da ailə üzvlərini digər soydaşlarının bir qismi ilə birlikdə qorxunc yük vaqonlarında Qərbi Azərbaycandan Şimali Azərbaycan sərhədlərinə çatdırıblar. Bilas müəllimin ailəsi deportasiyaya uğradılmış bir neçə ailə ilə birlikdə    Şəmkir rayonunun Leninkənd (indiki Çinarlı) qəsəbəsində məskunlaşıb.

V.Şadlinski orada orta məktəbi bitirdikdən sonra keçmiş SSRİ-nin Belarus Respublikasında hərbi xidmətdə olub, ordu sıralarından tərxis olunduqdan sonra isə 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (ATİ) Stomatologiya fakültəsinə daxil olub. 1965-ci ildən, hələ tələbə ikən, ATİ-nin tələbə yataqxanasında Tələbə şurasının sədri, 1966-1969-cu illərdə isə ATİ-nin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb, Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsi Plenumunun üzvü olub, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı Komitəsi İşçilərinin X qurultayına nümayəndə seçilib.

Bütün bunlara baxmayaraq, Vaqif Şadlinski 1948-1952-ci illərdə Qərbi Azərbaycanda dədə-baba yurdlarında yaşayan günahsız türk millətinin Stalin – Mikoyan cütlüyünün üzdəniraq rəhbərlikləri ilə harınlaşmış haylar tərəfindən kütləvi surətdə  deportasiyaya uğradılmaları, onları vəhşicəsinə  iyrənc yük qatarlarında daşıyaraq Qazaxıstan çöllüklərinə və Azərbaycanın aran rayonlarına tökmələrini bir an belə yadından çıxarmır, dərk edirdi ki, bütün bu işgəncələr erməni işğalçılarının rus havadarları ilə birlikdə türk millətinə məxsus olan torpaqlarda onların   kökünü kəsməyə və həmin torpaqları mənimsəməyə aparan yolun davamı imiş. Körpə Vaqif Şadlinskinin gözləri önündə baş verən hay vəhşilikləri onun həyatının bütün mərhələlərinin hiddətli və nifrətli müşayiətçisinə, türk millətinin dədə-baba torpaqlarından zorla deportasiyasının etirazlı üsyanına çevrilib.

PEDAQOQLUQ  VƏ ALİMLİK  ZİRVƏLƏRİ

V.Şadlinski 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, ATİ-nin Elmi Şurasının qərarına əsasən, həmin ildən Terapevtik stomatologiya kafedrasının baş laborantı vəzifəsində çalışıb, 1970-ci ilin iyun ayında öz xahişi ilə İnsan anatomiyası kafedrasında baş laborant vəzifəsinə keçirilib və artıq 55 ildir ki,bu kafedrada fəaliyyət göstərir.Görkəmli alim bu müddətin şərəfli 25 ilini rəsmi olaraq bu kafedraya rəhbərliyə həsr edib. Lakin son 5 ildə o, öz xahişi ilə kafedranın məsləhətçi-professoru vəzifəsinə keçirilsə də, kafedra əməkdaşlarının səmimi xahişi ilə təklif olunur ki,  akademik Vaqif Şadlinski daimi olaraq “Kafedranın fəxri müdiri” tituluna layiq görülsün.

V.Şadlinski 1970-ci ilin avqust  ayında həmin kafedranın assistenti vəzifəsinə seçilərək, baş laborantlıqdan kafedra müdiri, professor vəzifələrinə, eləcə də Əməkdar elm xadimi və akademiklik zirvəsinə qədər yüksəlib.

O, tələbələrə fənnin incəliklərini tədris etməklə yanaşı,elmi axtarışlarla da məşğul olub. Vaqif müəllim Moskva və   Xarkov Tibb institutlarının, eləcə də ATİ-nin Anatomiya kafedralarının Elmi laboratoriyalarında apardığı    elmi-tədqiqat işlərinin nəticəsi kimi 1982-ci ildə Tbilisidə “Gözyuvasıaltı və aşağı alveol sinirlərinin topoqrafiyası, kötükdaxili quruluşu” mövzusu üzrə namizədlik, 1999-cu ildə  “Normal və zobogen təsirlər şəraitində qalxanabənzər vəzin struktur homeostazı və morfofunksional xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan aliminin əldə etdiyi dəyərli elmi nəticələr akademiklər N.A.Cavaxişvili, M.R.Sapin, L.L.Kolesnikov, professor V.V.Bobin, professorlar D.A.Siqaleviç, İ.İ.Şapiro və digər dünyaşöhrətli alimlər tərəfindən ən yüksək qiymətə layiq görülüb. Onun elmi işlərinə hazırda da dünyanın hər yerində çoxsaylı istinadlar edilir. Bir sıra xarici alimlər Azərbaycanın görkəmli alimi ilə sıx əlaqələr saxlayır, onunla fikir mübadiləsi aparırlar. Belə intiqrasiyalar hər iki tərəfdə gənc kadrların yetişməsinə əlverişli zəmin yaradır. 

Gənc alim 1984-cü ildə kafedranın dosenti, 1995-ci ildə isə müdiri vəzifəsinə seçilib və 2020-ci ilə qədər bu vəzifədə çalışıb. O, İnsan anatomiyası fənni üzrə mühazirə və praktik məşğələlər apararaq yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına böyük əmək sərf edib və 1983-cü ildə bu xidmətlərinə görə “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. Vaqif müəllim Azərbaycanda həm də İnsan anatomiyası fənni ilə digər morfoloji fənlər arasında inteqrasiya yaradan görkəmli alimlərdən və kafedranın tarixi ənənələrini yeni inkişaf müstəvisində ləyaqətlə davam etdirən təcrübəli pedaqoqlardan biri kimi tanınır.

Professor Vaqif Şadlinski 700-ə yaxın elmi əsərin, o cümlədən  çoxsaylı  monoqrafiya, dərslik və  dərs vəsaitlərinin, rəhbərlik və metodik tövsiyələrin,  səmərələşdirici təkliflərin, yüzlərlə elmi-kütləvi məqalələrin, tarixi əhəmiyyət kəsb edən qiymətli kitabların, radio və televiziya verilişləri proqramlarında nümayiş etdirilən müxtəlif məzmunlu çıxış və müsahibələrin müəllifidir. Görkəmli alimin qələmə aldığı “Anatomiya atlası” kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. Alim, həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, rezidentlər üçün Azərbaycan və rus dillərində hazırlanan ilk  rəhbərliyin, həmçinin kafedraya şöhrət gətirən, xalqımızın övladları üçün lazım olan bir sıra digər qiymətli monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir.

VƏTƏNSEVƏRLİK KEYFİYYƏTLƏRİNİN BARLI  BƏHRƏLƏRİ

Akademik Vaqif Şadlinskinin bilavasitə rəhbərliyi və məsləhətçiliyi altında 8 elmlər doktoru, 30-dan çox fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub.  Müqayisə üçün göstərə bilərik ki, bu kafedrada 1919-1934-cu illərdə 6 doktorluq, 2 namizədlik (onlardan yalnız 2 nəfəri milli kadrdır), 1937-1973-cü illərdə 5 doktorluq (1 nəfəri əcnəbidir), 16 namizədlik (3 nəfəri başqa millətin nümayəndəsidir), 1974-1994-cü illərdə 1 doktorluq, 10 namizədlik dissertasiyası müfadiə edilib.

V.Şadlinski 1995-2020-ci illərdə kafedra müdiri vəzifəsində çalışdığı 25 il ərzində kafedrada elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərlə yanaşı,  tədrisin keyfiyyətinin yaxşılaşdırılması yolunda Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi tərəfindən aparılan islahatlarda da yaxından iştirak edərək yüksək nəticələr əldə edib. 1996-2001-ci illərdə onun Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışması, qeyd olunan islahatların təkcə bir kafedra daxilində deyil, ümumuniversitet səviyyəsində daha geniş miqyasda həyata keçirilməsinə zəmin yaradıb. O, təhsil və təlim-tərbiyə sahələrində əldə etdiyi müvəffəqiyyətlərə görə dəfələrlə Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin və ATU-nun Fəxri fərmanlarına, təşəkkürnamələrinə layiq görülüb.

Görkəmli alimin səyi nəticəsində 2000-ci ilin yanvar ayında M.İ.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının (indiki Tibb Universitetinin) İnsan anatomiyası kafedrası, eləcə də Gürcüstan Elmi-Tədqiqat Eksperimental Morfologiya İnstitutu, daha sonra isə Gürcüstan Dövlət Tibb Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental Morfologiya İnstitutu, həmçinin Türkiyə universitetləri nəzdindəki Tibb fakültələri ilə Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlıq haqqında uzunmüddətli müqavilələr bağlanıb, SSRİ-nin süqutundan sonra keçmiş beynəlxalq əlaqələr yenidən daha keyfiyyətli şəkildə bərpa olunub və davam etdirilib.

Dünyaşöhrətli alim hazırda da bir sıra xarici ölkələrdə-ABŞ, Almaniya, İspaniya, İsrail, Türkiyə, İran, Rusiya, İtaliya, İngiltərə, MDB dövlətində və digər ölkələrdə keçirilən elmi forumlarda iştirakla yanaşı, elmi məruzələrlə çıxışlar edərək, dünyanın əksər ölkələrində Azərbaycan morfologiya elmini ləyaqətlə təmsil edərək, bu sahədə ölkəmizə layiqli başucalığı gətirir. Bacarıqlı həkim, qayğıkeş müəllim, dəyərli elm xadimi olan görkəmli Azərbaycan alimi həm də səriştəli tədris və elm təşkilatçısıdır. Professor V.Şadlinski kafedrada həyata keçirdiyi ictimai işlərlə yanaşı, ATU-nun və bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak edir. O, 1988-1991-ci illərdə I müalicə-profilaktika fakültəsinin I-II kurslar üzrə dekan müavini vəzifəsində çalışıb. 1991-ci ildə ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, 1994-cü ildə Azərbaycan Tibb Univeritetinin ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Bu vəzifələrdə özünü ən yaxşı cəhətlərdən peşəkarcasına göstərən Vaqif müəllim 1996-2001-ci illərdə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsini layiqincə yerinə yetirib. Alim, həmçinin 1997-1998-ci illərdə prezident seçkilərindəki seçkiqabağı kampaniyalarda Ümummilli Lider Heydər Əliyevin vəkili qismində təşviqat qrupuna rəhbərlik edib, Yeni Azərbaycan Partiyasının fəal yaradıcılarından, təşkilatçılarından biri kimi tanınır.

TƏLTİFLƏRİ

Vaqif müəllimin əməyi, göstərdiyi xidmətlər dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilib. O, tibb elminin və tibb təhsili sisteminin inkişafı və xeyriyyəçilik yollarında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeninə (2020), “SSRİ səhiyyə əlaçısı” döş nişanına (1983), akademik Yusif Məmmədəliyev adına mükafata (1998), Beynəlxalq Kadrlar Akademiyasının qızıl medalına (1999), “Əməkdar həkim” fəxri adına (2000), “Vektor” Beynəlxalq Cəmiyyətinin Azərbaycanda keçirdiyi “Azərbaycanın 100 görkəmli alimi” layihəsinin fəxri diplomuna (2001), “Mir Mövsüm Ağa” adına fəxri mükafata” (2002), “Kafkaz mediya” İctimai Birliyinin “Fonendoskop” diplomuna (2006),  Əməkdar elm xadimi (2010) fəxri adına, Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai Təltiflər Şurasının Beynəlxalq Təltiflər İttifaqı tərəfindən “I Dərəcəli Hippokrat ordeni”nə (2009), Almaniyadakı Avropa Təbiət Elmləri Akademiyasının “Robert Kox Medalı” və “Diplomuna”, həmin akademiyanın “Leonardo da Vinchi” Medalına (2016), Türkiyə Uluslararası Elmlər Akademiyasının Qızıl medalı və diplomuna, Albert Şvayster adına gümüş medala, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin “Fərdi təqaüdünə” layiq görülüb, 2024-cü il dekabr ayının 5-də Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqləndiyinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, həmin ilin dekabr ayının 17-də Rusiya Elmlər Akademiyasının “Fəxri Fərmanı” ilə təltif edilib.

Onu da qeyd etmək lazımdır ki, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının fəaliyyətinin arxada qalan 105 ilinin dörddə bir hissəsindən çoxu V.Şadlinskinin rəhbərliyi altında, yarıdan çoxu, yəni tam 55 ili isə  bilavasitə onun iştirakı ilə inkişaf edib, məşhurlaşıbdır. Bu da çox xoş təsadüfdür ki, kafedranın 105 illik yubileyi Azərbaycanın görkəmli alimi, qayğıkeş pedaqoqu, mahir elm və təhsil qurucusu akademik Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 85 illik yubileyi ilə üst-üstə düşür. Bu yubileylər münasibətilə Vaqif müəllimi kafedranın əməkdaşları adından ürəkdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, səadət diləyir, gələcək işlərində yeni şedevrlər yaratmaq istəyi təntənələri arzulayırıq.

Mübariz Allahverdiyev,
ATU-nun professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Birinci Qarabağ müharibəsi veteranı, “Qızıl qələm” mükafatı laureatı