15 yanvar 2025 23:03
79

Ermənistanda çirkli pulların yuyulmasında iştirak edən polis rəsmisinə bəraət verilib

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkə polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın Mühafizə xidmətinin rəisi Arşak Akopyana bəraət hökmü çıxarıb.

“İki sahil” xəbər verir ki, yeni qanunvericiliyə əsasən, məhkəmə yekun bəraət üçün əlavə dinləmələr keçirməlidir. İclasın tarixi hələ müəyyən edilməyib, lakin proses ayın sonunda gözlənilir.

Xatırladaq ki, Arşak Akopyan 2021-ci il noyabrın 29-da saxlanılıb. O, çirkli pulların yuyulması, əmlak və gəlirlərini gizlətməkdə ittiham olunub. 2022-ci ilin dekabrında Ümumi Yurisdiksiya Məhkəməsi Akopyanın həbsi ilə bağlı vəsatətin təmin olunması barədə qərar çıxarıb, lakin Apellyasiya Məhkəməsi qərarı ləğv edib.

Daha sonra baş prokuror kassasiya şikayəti verib, apellyasiya şikayəti təmin edilib, ondan sonra Akopyan yenidən həbs edilib. 2023-cü il martın 17-də ona qarşı xüsusilə külli miqdarda çirkli pulların yuyulması və bəyan edilməli olan pul vəsaitlərinin gizlədilməsi maddələri ilə yeni cinayət işi açılıb.

2023-cü ilin iyununda məhkəmə həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirib və həmin il dekabrın 1-dən Akopyandan ölkəni tərk etməməsi barədə yazılı iltizam alınıb.