11 yanvar 2025 02:59
82

İqtisadi imkanlar artdıqca...

Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək.

Bu fikri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı, həmçinin  qeyd edib ki, iqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik. Şübhəsiz, bu, dövlətimizin başçısının sosial siyasətə verdiyi yüksək önəmin və bunun ardıcıl şəkildə davam etdirilməsinin göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, istər COVID-19 pandemiyası, istərsə də müharibə dövründə belə ölkəmizdə sosial xərclər azaldılmayıb, əksinə artırılıb. Elə bu gün də bu ənənə davam edir. Bunun bariz nümunəsi kimi  5-ci böyük sosial islahatlar paketinin elan edilməsini göstərmək olar. Belə ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı bir daha sübut edir ki, dövlət siyasətinin əsas prioriteti vətəndaşların rifahının artırılmasıdır və bu istiqamətdə aparılan sosial islahatlar ardıcıl şəkildə davam etdirilir. Həmin Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, fevralın 1-dən isə əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2025-ci ilin yanvarından etibarən orta hesabla 15 faiz artırılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Bir məsələni də xüsusi vurğulayaq ki, ötən ilin sonlarında Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsini təsdiqləyib. Fondun gələn il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.

“Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” deyən Prezident İlham Əliyevin inkişaf strategiyasının mühüm uğurlarından biri kimi ölkəmizdə sosial təminat sistemi ardıcıl olaraq güclənir və əhatə dairəsi ildən-ilə genişlənir. Bu isə hər şeydən əvvəl, ölkəmizdə sosial sahənin prioritetliyi prinsipinə əsaslanan dövlət modelinin təzahürü deməkdir. Elə dövlətə sosial hədəflərinə çatmağa şərait yaradan,  ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin edən də məhz bu modeldir. Bu məqamda xüsusi vurğulayaq ki, bu modeli dəstəkləyən mexanizmlər son 6 ildə (2018-2024-cü illər) ardıcıl olaraq formalaşdırılıb. Bəzi faktlara diqqət yetirmək yerinə düşər. Belə ki, bu illər ərzində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfəyə qədər artırılıb. Eyni zamanda əmək müqavilələrinin sayı son 6 ildə 600 mindən çox (50 faizədək) artırılıb ki, bu da  işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi baxımından mühüm amildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əməli nəticəsi özünü büdcə göstəricilərində də açıq-aydın  büruzə verir. Belə ki, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat və ya 1,6 dəfə artdığını göstərir. Şübhəsiz, bu, eləcə də sadalamadığımız faktlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin Azərbaycanı rifah cəmiyyətinə çevirmək istiqamətində uğurlarını  bir daha nümayiş etdirir. Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə belə diqqət yetirilməsi isə aparılan siyasətin  necə deyərlər, mahiyyətini bir daha ortaya qoyur. Yeri gəlmişkən qeyd edək ki, əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, Azərbaycan potensial təhlükə ilə üz-üzə qalmasaydı, bu artımlar daha da çox ola bilərdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”