16 yanvar 2025 11:40
142

BƏƏ və Azərbaycan arasında siyasi münasibətlər mükəmməl səviyyədədir

Cənab Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə işgüzar səfəri, dövlətimizin başçısını şəxsən Prezidentin özü qarşılaması Azərbaycanın artan gücündən xəbər verir. Sayca 28-ci olan COP tədbiri Birləşmiş Ərəb Əmirliklərində, COP29 isə Azərbaycanda keçirildi. Tədbirin sayca növbətisi yəni, COP30 Brazilyada keçiriləcək. Bu baxımdan aktuallığı nəzərə almaqla ilk növbədə onu vurğulayaq ki, "Troyka" mexanizmi fikir və təcrübə mübadiləsi baxımından əvəzolunmaz formatdır.

Birləşmiş Ərəb Əmirliklərinə döndüyümüz zaman Əmirliklə əməkdaşlığın olması, bizimlə öz təcrübələrini bölüşmələri və Zayed Al Nəhyanın COP29-da iştirakı verilən yüksək dəyərdir ki, Azərbaycan da bunu qiymətləndirir. Azərbaycanla BƏƏ arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasətdə münasibətləri mükəmməl səviyyəyə qaldırmaq isə hər kəsə məlumdur ki, heç də asan olmayan məsələdir. BƏƏ və Azərbaycan bunu bacara bilib. Bu gün BƏƏ bərpa olunan enerji sahəsində, o cümlədən dünyanın ən böyük təksahəli günəş enerjisini inkişaf etdirməklə əlamətdar mərhələlərə çatıb, elektrik stansiyası və külək enerjisi sahəsində liderlik edir. Azərbaycan bu təcrübədən yararlanmaqla yanaşı,  Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da mühüm əhəmiyyət kəsb edir.

Bu günlərdə isə Abu Dabi Davamlılıq Həftəsi (ADSW) keçirilir ki, tədbir qlobal davamlılıq təqvimində ilk böyük hadisədir və davamlı iqtisadiyyata çevrilməni sürətləndirmək üçün davamlılıq liderlərini birləşdirməyi, həmçinin gücləndirməyi hədəfləyir. Məqsədlər arasında bir-biri ilə əlaqəli həlləri təşviq etmək və sosial-iqtisadi inkişaf üçün yeni imkanlar açmaq istiqamətində qlobal liderləri bir araya gətirmək də dayanır.  Prezident Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın himayəsi altında keçirilən tədbirdə nüfuzlu şəxslər, dünya liderləri, hökumət rəsmiləri, davamlı enerji üzrə ekspertlər və dünyanın müxtəlif yerlərindən gələn qonaqlar iştirak ediblər. Cənab Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, dövlət başçımıza göstərilən rəğbət bir daha ondan xəbər verir ki, Azərbaycan dost, strateji tərəfdaş, müttəfiqlərin sayını artırmaqla kifayətlənmir, sadəcə gücün sərt elementinə investisiya qoyaraq güclənmir, həm də etibarlı tərəfdaş kimi gücün yumşaq elementləri üzrə də güclənir. Nəzərə alsaq ki, sözügedən tədbir BƏƏ-də və bütün dünyada davamlılıq səylərini sürətləndirməyə və sosial-iqtisadi tərəqqiyə nail olmağa yönəlmiş qlobal platformadır. Azərbaycanın da bu istiqamətdə baxışları analoji olduğundan dövlət başçımızın səfəri son dərəcə müsbət dividendlər vəd edən səfərdir. Yerli televiziya kanallarına müsahibəsində isə dövlət başçımız həm də onu vurğuladı ki, Fələstin məsələsi ilə bağlı İslam liqasının fəaliyyətini əsas götürürük. Daha çox Ərəb dünyasının məsələsi olan, bu dünyanın təşkilatı olan Ərəb Liqasının sözügedən məsələ ilə bağlı mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. Yəni, BƏƏ ilə olan münasibətlər də daxil olmaqla dövlət başçımızın da vurğuladığı kimi Azərbaycan mövqeyi tam açıq siyasət yürüdür.

Şəbnəm HƏSƏNOVA,
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq