16 yanvar 2025 23:30
86

Mənəviyyat aptekdə satılmır, həşəmətli “bəylər”!..

Əgər həqiqətən də mənəviyyat resepti əsasında hazırlanmış məlhəm olsaydı bu dağıdıcı müxalifətin “başbilənlərinin” mübtəla olduqları sağalmayan antimilli mərəzinə bir çarə qılınardı 

Böhtanın, əsassız iddiaların, yalan və qərəzin hökm sürdüyü, ölkəmizin siyasi arenasında dağıdıcılıq, inkarçılıq rəmzi kimi  tanınan radikal müxalifət düşərgəsində mənəvi-əxlaqi böhran  getdikcə dərinləşir. Bu  anarxist, neobolşevik zümrənin lidercikləri siyasi mədəniyyəti, əxlaqı, sosial-mənəvi dəyərləri qaragüruhçu fəaliyyətləri ilə demək olar ki, tamamilə arxa plana keçiriblər. Ona görə də mənəvi, siyasi deqradasiyaya məruz qalıblar.

Onu da qeyd edək ki, mənəvi, sosial dəyərlər fərdin digər insanlarla və cəmiyyətlə əlaqəsini təmin edir. Başda AXCP-nin və “Milli Şura”nın “liderləri” olmaqla dağıdıcı müxalifət təmsilçiləri isə bu dəyərləri qiymətləndirmək əvəzinə, ayaqlar altına atdıqlarına görə individual səviyyədən sosial, sosial səviyyədən isə ümumbəşəri dəyərlərə qədər özlərini təsdiq edə bilmirlər. Elə buna görə də cəmiyyətdən təcrid olunaraq marginallaşırlar.

Davam edək... Özlərini cəmiyyətə “demokratiya aşiqi ”, “insan hüquqları müdafiəçisi”, Qərbdəki havadarlarına isə “real, ana, ata müxalifət”  kimi sırımığa çalışan Əli Kərimlinin, ələkçinin qıl verəni Cəmil Həsənlinin, radikalların “müqəddəs şəfa mələyi” Gültəkin Hacıbəylinin sosial mediada, həşəmətli Qənimət Zahidin “Azərbaycan saatı”ndakı populizm, qərəz, iftira ilə yoğrulmuş çıxışlarına diqqət edərkən dağıdıcı müxalifət düşərgəsində siyasi, mənəvi-əxlaqi deqradasiyanın pik həddə çatdığını və dərin fəsadlar verdiyini sezməmək mümkün deyil. Bu mənada ölkənin siyasi arenasında öz mahiyyətini, dəyərini itirən pozucu, inkarçı fəaliyyət nəticəsində real siyasi qüvvədən marginal qruplara çevrilən radikal müxalifət nümayəndələri hələ də köhnə şakərlərindən əl çəkməsələr də onların arqumentləri demək olar ki, bitib. Ona görə də mövcud reallığı əks etdirən faktları qəsdən təhrif etməklə artıq cəmiyyəti aldatmaq mümkün deyil.

AXCP sədri Ə.Kərimlinin, Arif Yunusun, Arif Şahmarlının və onların “əqidədaşlarının” internet resurslarında dünyada baş verən geosiyasi proseslərin Cənubi Qafqaz regionuna birbaşa və dolayı yolla təsiri, özlərini  Yer kürəsinin ağası hesab edən, çıxarları, mənfəətləri naminə dünyanın ayrı-ayrı bölgələrində qanlı müharibələri, etnik münaqişələri qızışdıran güc mərkəzlərinin ucbatından regionumuzda artan risklər, təhdidlər, reallıqlar ilə bağlı qərəzli “analizlər”i, təxribatçı çıxışları sözün əsl mənasında xəyanətkarlıqdır. Xəyanətkarlıq da cılızların, qorxaqların və mənəviyyatı şikəst olanların peşəsidir. Mənəviyyat demişkən, yadıma qədim Roma filosofu Lutsius Anneus Senekanın sözləri düşdü: “Mənəvi öhdəliklərin dairəsi qanunların yazdığından qat-qat genişdir”. Yəni, mənəviyyatın əhatə etdiyi məsələlər çox zaman qanunlarla cızılan dairədən kənara çıxır. Kamil zəkalı, yüksək mənəviyyatlı insanlar həmişə daxildən gələn böyük enerji ilə öz xalqı, Vətəni üçün çalışıblar. Bu gün də belədir, sabah da belə olacaq. Bütün bunları isə radikal müxalifət ünsürlərindən olan əli kərimlilərə, cəmil həsənlillərə, fuad qəhrəmanlılara, arif yunuslara və digərlərinə bir daha xatırlatmaq istərdik.

Sonda onu da deyək ki, bu marginal zümrənin sosial şəbəkələrdəki çıxışlarındakı notların eyniliyi, isterika və primitivlik, səsləndirdikləri əsassız iddiaların üslubu, ifadə tərzi onların Qərbdəki ağalarından aldıqları tapşırıqları canla-başla yerinə yetirdiklərini bir daha təsdiq edir. Bütün bunlar kənardan kifayət qədər açıq-aşkar görünür. Buna görə də bütün etik-mənəvi dəyərləri tapdalayaraq ölkəsinə, dövlətinə, dövlətçiliyinə şər-böhtan, təhqir yağdıran bu xəyanətkar autsayderlər cəmiyyətimizin etirazı və ictimai qınağı ilə üz-üzə qalıblar.

Zahid Rza, “İki sahil”