XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Xalqımız 1990-cı ilin Qanlı 20 Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir bu faciə.20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi.
O müdhiş gecə milli birlik və vətənpərvərliyin simvoluna çevrildi. Mənfur düşmən xalqımızın azadlıq eşqini söndürə bilmədi...
990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı ordusu dinc əhaliyə qarşı qətliam törətdi. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Bu gün Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, xalqımızın göstərdiyi böyük qəhrəmanlıq hər bir azərbaycanlını qürurlandırır.
Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdi.
Düşmənin Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya yeridilən əlisilahlı hərbçilər tərəfindən dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdıldığı bu anlar süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması siyasətinin yeni şəraitdə davamı idi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq oldu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər...
Nəticədə yüzlərlə insan həlak oldu, daha çoxu isə yaralandı.Rəsmi məlumata görə, bu hadisələr nəticəsində 130-dan çox insan həyatını itirdi. Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı öz şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyindi. Respublikada 3 gün matəm elan olundu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. Və bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edən bu faciədən sonra Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
20 Yanvar hadisələri Azərbaycan tarixində mühüm bir dönüm nöqtəsi oldu.
Bu faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.
Bu hadisələrin xatirəsi hər il anılır və 20 Yanvar, Azərbaycanın tarixi müstəqillik mübarizəsinin bir parçası olaraq qəbul edilir. Hadisələr, həmçinin, dinc əhalinin müdafiəsi, insan hüquqları və ədalət məsələlərinin əhəmiyyətini ön plana çıxarır.
Xalqımız qəhrəmanlarını unutmur.Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır...
Torpaq, uğrunda ölən varsa,vətəndir!
Sona Abdulova,
287 saylı "Zəkalar" liseyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi