17 yanvar 2025 20:57
393

Vətəndaş rifahına xidmət edən sosial islahatlar ardıcıl xarakter alıb - Anar Kərimovla EKSKLÜZİV MÜSAHİBƏ

Yeni sosial islahat paketi ölkədə sosial inkişafın davamlı  xarakter aldığını bir daha təsdiq edir

Nazir müavini: Minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb

Prezident cənab İlham Əliyevin vətəndaş rifahına qayğısı nəticəsində ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Dövlət başçısının son günlərdə imzaladığı Sərəncamlarla sosial islahatların yeni mərhələsi başlayıb ki, bu da Azərbaycanın sosial dövlət olduğunun daha bir təcəssümüdür. Əhalini yeni sosial islahatlar paketi haqqında daha ətraflı məlumatlandırmaq üçün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ilə həmsöhbət olduq:

- Hər sahədə verdiyi vədə sadiq qalan, sözü də imzası qədər dəyərli olan Prezidentimizin siyasətinin mərkəzində əhalinin sosial müdafiəsi dayanır və dövlət başçısının Fərman və Sərəncamları ilə son illər ardıcıl xarakter alan sosial islahatlar da bunu bir daha sübut edir. Həmin Fərman və Sərəncamlar əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin  nəticələrini necə şərh edərdiniz?

- Ölkəmizi dinamik inkişaf yolunda inamla irəli aparan və Azərbaycanı möhtəşəm Zəfər zirvəsinə yüksəldən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması respublikamızın sürətli iqtisadi inkişafı ilə bərabər, davamlı sosial inkişafına da imkan yaradıb.

Qeyd edim ki, cənab Prezidentin Fərman və Sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Nəticədə 2018-2024-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləğində 2,7 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 2 dəfəyədək, median əməkhaqqında 2,2 dəfə artım baş verib.

Əməkhaqlarının və məşğulluq imkanlarının davamlı artımı, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib. Bütün bu müsbət proseslərin nəticəsi olaraq son 6 illik dövrdə əmək müqavilələrinin sayı 600 mindən çox (50 faizədək) artıb. Həmçinin qeyd edilən dövrdə əməkhaqqı fondunda da 3 dəfə artım baş verib.

Onu da qeyd edim ki, minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların aylıq tarif (vəzifə) maaşlarının bu ilin əvvəlindən minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını da təmin edib.  19 pillədən ibarət Vahid Tarif Cədvəli təsdiqlənib.

Bu Cədvəlin əhatə etdiyi sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillənin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq edilib. Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. yeni artımlarla təsdiqlənib.

Göründüyü kimi, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb. Əgər dövlət büdcəsində sosialyönümlü xərclərə nəzər salsaq görərik ki, həmin xərclər 2021-ci ildə 10,3 mlrd. manat olubsa, bu göstərici ötən il 15,5 mlrd. manat təşkil edib, bu il isə 16,9 mlrd. manatdır. Biz qısa müddətdə həmin xərclərdə 2021-ci ilə nisbətən 6,6 mlrd. və ya 1,6 dəfə artım olduğunu görürük. Dövlət büdcəsində qeyd olunan xərclərin çəkisinin 41 faiz təşkil etməsi də bir daha göstərir ki, sosial rifahın təminatı aparılan dövlət siyasətinin prioritet istiqamətidir.

- Prezident cənab İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli, eləcə də 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» sərəncamları vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Yeni sosial islahat paketindən söz açmağınızı istərdik.

- Prezident cənab İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha göstərir və  son illər bu məqsədlə aparılan sosial islahatları uğurla davam etdirməyə, artıq bu ilin əvvəlindən növbəti, yəni 5-ci sosial islahat paketinin reallaşdırılmasına imkan verib.

2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib

Sərəncama əsasən 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Eyni zamanda 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

Sərəncamla icra olunan yeni sosial islahat paketi üzrə digər sosial ödənişlərin, yəni bu il müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması da təmin ediləcək. Qeyd edim ki,  2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası cari ildə də davam edəcək.

Eyni zamanda, dövlətimizin başçısının yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı ilə növbəti sosial islahat paketi çərçivəsində qeyd olunan işçilərin də əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Yeni qanunlarla 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb. Növbəti sosial islahat paketi bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq. Ümumilikdə biz görürük ki, 2018-2025-ci illər üzrə sosial islahatlar çərçivəsində sosial ödənişlərdə artımların təmin edilməsi üçün əlavə olaraq illik 7,6 milyard manat vəsait ayrılıb.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli telekanallara müsahibəsində ölkəmizdə icrasına başlanan yeni sosial islahat paketindən bəhs edərək bildirib ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Dövlətimizin başçısı deyib: “Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı da 160-ı ötüb

- Əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Bu proqramlar işğaldan azad edilmiş ərazilərimizdə də geniş vüsət alır...

- Tamamilə doğrudur. Qeyd edim ki, Nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də Böyük Qayıdış proqramı üzrə doğma yurdlarına - işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunmasıdır.

Böyük Qayıdış proqramı üzrə həmin ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri  işəgötürənlərlə fəal əməkdaşlıq şəraitində 2024-cü ildə də davam etdirilib.  Həmin sakinlərdən iqtisadi fəal əhalinin 86 faizinin məşğulluğu təmin edilib. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı da 160-ı ötüb. Təkcə son bir ildə həmin ərazilərdə daha 6 əmək yarmarkası keçirilib.

2023-cü ilin avqust ayından onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb

Onu da bildirim ki, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 2023-cü ilin avqust ayından onlara birdəfəlik müavinətin (600 manat) təyin olunmasına başlanıb. Onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır, onlara hər il 5 gün əlavə məzuniyyət verilir.

- Əhalinin həssas qruplarının - şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin onların mənzillə  təminatı üçün hansı mühüm addımlar atılır?

- Prezident cənab İlham Əliyev tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə diqqət və qayğı göstərilir və ölkəmizdə aparılan sosial siyasətin prioritet istiqaməti kimi onlara yönələn sosial ödənişlərin mütəmadi artırılması təmin edilir. Hər bir islahat paketi çərçivəsində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların sosial ödənişlərinin artırılması da yer alır. Son 6 ildə də bu ödənişlərdə orta hesabla 2,5-3 dəfə artım baş verib. Xatırladım ki, yeni sosial paket çərçivəsində bu il də təqaüd və müavinətlərdə artımlar olacaq.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub

Prezident cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib.

Növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.  Dövlət başçısının tapşırığı ilə 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edib, onlara 369 min xidmət göstərilib.  Mənzil və  avtomobillə təminat tədbirləri ilə yanaşı, bu paket çərçivəsində 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub, 25,3 min şəxs aktiv məşğulluq proqramlarına, 12,2 min şəxs özünüməşğulluq proqramına cəlb edilib, 11 min nəfərə 70 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2263 şəxs 62,9 min reabilitasiya vasitəsi verilib, 491 şəxs 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

- Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi də sosial islahatların əsas istiqamətlərindən biridir, bu istiqamətdə həyata keçirilən zəruri tədbirlər haqqında oxucularımıza məlumat  verməyinizi istərdik?

- Sosial təminat sisteminin mühüm komponenti olan, 1,1 milyon insanı əhatə edən pensiya təminatının gücləndirilməsi tədbirləri, pensiya artımı 2024-cü ildə də davam edib. Pensiyalar 2023-cü il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 2024-cü ilin əvvəlindən 11,2 faiz indeksləşdirilərək artırılıb və bu artım bütün pensiyaçıları əhatə edib. 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib ki, bu da hər il indeksləşdirmə əsasında pensiya artımının həmin vaxtdan bütün növ pensiyalara şamil olunmasına imkan verib.

Pensiyaların orta məbləğində 2024-cü ildə daha 13 faiz artıma nail olunub. Pensiyaların orta aylıq məbləği 494 manata, yaşa görə əmək pensiyalarının orta məbləği 527 manata çatıb.  Ümumilikdə orta aylıq pensiya 2018-2024-illərdə 2,4 dəfə artıb. Qeyd etdiyimiz kimi, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.

Eyni zamanda, bu il də pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub. Ümumilikdə 2025-ci ildə pensiyaların orta aylıq məbləğinin 535 manata, yaşa görə əmək pensiyalarının orta məbləğinin 571 manata çatacağı proqnozlaşdırılır.  Onu da bildirək ki, pensiyalar üzrə ayrılan vəsaitin məbləği 2025-ci il üçün 7,2 mlrd. manat nəzərdə tutulub və  2018-ci ildən ötən dövrdə həmin vəsaitdə 2 dəfə artım özünü göstərib.  Həmçinin diqqətinizə çatdırım ki, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların 2006-2018-ci illər üzrə  fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə müraciət etmədən pensiya hüququ qazanmağa imkan verir. Yəni, şəxs pensiya yaşına çatdıqda müvafiq pensiya kapitalı və ya 25 illik stajı olmadıqda belə, ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda yenə pensiya hüququ verilir.

Beləliklə, sığorta stajının və ya pensiya kapitalının yetərli olmaması, hətta bir çox hallarda çox cüzi əmək fəaliyyəti olması səbəbindən pensiya proqramından kənarda qalmaq riski olan xeyli sayda vətəndaş üçün bu risk aradan qalxıb.  Qanunvericilikdə güzəştli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş analar, zərərli işlərdə çalışanlar və b.) nəzərdə tutulub.

Ümumilikdə son illər qanunvericilikdə humanist dəyişikliklər edilərək daha erkən dövrdə yaşa görə pensiya hüququ yaranan şəxslərin sırası daha da genişləndirilib.

- Müsahibə üçün təşəkkür edirik!

Yaqut Ağaşahqızı,
Vüsal Cahanov (foto), “İki sahil”