17 yanvar 2025 20:01
114

2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmağı hədəfləyirik - Əfqan İsayev

Türkiyədə nəşr olunan “Enerjimiz bir” jurnalında SOCAR-ın vitse-prezidenti Əfqan İsayev ilə aparılan maraqlı müsahibədə davamlılıqdan rəqəmsal transformasiyaya, bərpaolunan enerji investisiyalarından COP29-un sektora təsirlərinə qədər bir çox mövzulara toxunulub. Əfqan İsayev SOCAR-ın aşağı karbonlu enerji keçidi strategiyalarını və gələcəyə dair baxışını paylaşaraq, enerji sektorundakı transformasiyanı sürətləndirən innovativ texnologiyalar barədə məlumat verib.

Həmin müsahibəni təqdim edirik:

- Sizi daha yaxından tanıya bilərikmi?

- SOCAR-da vitse-prezident vəzifəsində çalışıram. SOCAR-ın enerji transformasiyasını, dekarbonizasiya təşəbbüslərini və aşağı karbonlu layihələrinin icrasını nəzarətdə saxlamaq, enerji səmərəliliyini dəstəkləmək və əsas işlərimizdə ekoloji standartları və performansı yaxşılaşdırmaqla məşğulam. SOCAR-ı qlobal enerji transformasiyasında mühüm rol oynayacaq bir enerji şirkətinə çevirmək yolunda bu vəzifənin olduqca həyəcanverici olduğunu düşünürəm.

-SOCAR-ın transformasiya strategiyasının əsas dayaqları hansılardır? Bu strategiya çərçivəsində dekarbonizasiya hədəfləriniz barədə məlumat verə bilərsinizmi?

-Transformasiya strategiyamız üç əsas istiqamət üzərində qurulub: şirkətin əməliyyatlarını dekarbonizasiya etmək, təşkilati transformasiyanı təmin etmək və aşağı karbonlu fəaliyyətləri həyata keçirmək.

Əsas əməliyyatların dekarbonizasiyası: Yuxarı axın, orta axın və aşağı axın əməliyyatları daxil olmaqla, bütün mühüm coğrafiyaları və seqmentləri əhatə edən geniş bir dekarbonizasiya proqramı başlatmışıq. Bu proqram metanın azaldılması, enerji səmərəliliyi proqramları və karbon tutma və istifadə kimi təşəbbüsləri əhatə edir.

Təşkilati transformasiya: Enerji transformasiyasını dəstəkləmək üçün əməliyyat modelimizi yenidən formalaşdırırıq. Bu model dekarbonizasiyaya və aşağı karbonlu fəaliyyətləri təşviq etməyə fokuslanan yeni prosedurları, alətləri və təşkilati bölmələri inkişaf etdirməyi hədəfləyir. ETED (Energy Transition, Environment & Decarbonization, tərcüməsi Enerjinin çevrilməsi, Ətraf Mühit və dekarbonizasiya) bölməsi bu prosesin mərkəzində dayanır.

Aşağı karbonlu fəaliyyətlər: SOCAR bərpaolunan enerji (günəş, külək, geotermal), yaşıl hidrogen və davamlı yanacaqlar sahələrində strateji tərəfdaşlar vasitəsilə aktiv şəkildə yeni aşağı karbonlu iş sahələri yaradır. SOCAR-ın 2024-cü ilin mart ayında yaratdığı “SOCAR Green” adlı törəmə müəssisə bərpaolunan enerji, hidrogen və karbon tutma kimi əsas yaşıl sektorlarda layihələrin inkişafına fokuslanaraq, şirkətin davamlılıq öhdəliyində mühüm bir mərhələni təmsil edir.

SOCAR olaraq iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərlə uyğun iddialı hədəflər müəyyən etmişik. Bu öhdəlik SOCAR-ın 2030, 2035 və nəhayət 2050-ci illərə qədər xalis sıfır emissiyaya çatmağı hədəfləyən spesifik mərhələləri əhatə edən geniş planı çərçivəsində 2023-cü ildə COP28 konfransında açıqlanıb.

Qısamüddətli dövrdə, 2030-cu ilə qədər bütün əməliyyat aktivlərimizdə rutin qaz yandırılmasına son qoymağı və bununla bağlı ətraf mühitə təsirləri azaltmağı hədəfləyirik. Başqa bir məqsədimiz isə 2022-ci ili əsas götürərək, 2030-cu ilə qədər yuxarı axın emissiya intensivliyini ədalət əsasında 30% azaltmaqdır. 2022-ci ilin əsas göstəriciləri ilə müqayisədə 2035-ci ilə qədər ümumi emissiyaları 20% azaltmağı planlaşdırırıq. Bundan əlavə, eyni dövr ərzində korporativ emissiya intensivliyini 30% azaltmağı və əməliyyatlarımızda ümumi səmərəlilik və davamlılığı artırmağa sadiqliyimizi nümayiş etdirməyi nəzərdə tuturuq. Bu hədəflərin bir hissəsi olaraq 2035-ci ilə qədər yuxarı axın metan intensivliyini (0,2-dən aşağı) demək olar ki, sıfıra endirməyi hədəfləyirik. Məqsəd SOCAR-ın davamlılıq yolunda son mərhələ olan 2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmaqdır. Bu geniş öhdəlik SOCAR-ın yalnız ətraf mühitə olan məsuliyyət ilə uyğun deyil, həm də qlobal iqlim hədəfləri ilə uzlaşaraq uzunmüddətli vizyonunu vurğulayır.

- Bərpaolunan enerji investisiyaları SOCAR-ın uzunmüddətli strategiyasında hansı rolu oynayır? Bu sahədə hansı layihələr önə çıxır?

- Bərpaolunan enerji investisiyaları SOCAR-ın uzunmüddətli strategiyasının əsasını təşkil edir. Bu investisiyalar, şirkətin Azərbaycanın enerji transformasiyasını irəlilətmək və davamlı, aşağı karbonlu həlləri təşviq etmək öhdəliyi ilə uyğun şəkildə inkişaf etdirilir. “SOCAR Green” adlı törəmə müəssisəmiz vasitəsilə şirkətimiz bərpaolunan enerji sahəsində beynəlxalq liderlərlə strateji tərəfdaşlıqlar qurub. Bu əməkdaşlıqlar karbon emissiyalarını azaltmağı və karbon azaldılma hədəflərini dəstəkləməyi hədəfləyən günəş, külək, yaşıl hidrogen və geotermal layihələrinin inkişafını sürətləndirməkdə mühüm rol oynayır. “SOCAR Green” Azərbaycanın bərpaolunan enerji transformasiyasına əhəmiyyətli töhfələr verən bir çox diqqətəlayiq layihələri həyata keçirir.

Bu layihələrdən biri bp və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilən “Sunrise” Günəş Enerjisi Layihəsidir. Layihə çərçivəsində 240 MVt gücündə bir günəş enerjisi stansiyasının tikilməsi planlaşdırılır. Bu layihə milli elektrik şəbəkəsini günəş enerjisi ilə təmin etməklə yanaşı, “Virtual Güc Transferi Tənzimləməsi” vasitəsilə Səngəçal Neft və Qaz Terminalına ekvivalent miqdarda elektrik tədarük edərək CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.

“SOCAR Green” Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” ilə əməkdaşlıq edərək Azərbaycanda iki böyük günəş enerjisi layihəsini də həyata keçirdi: 445 MVt gücündə Biləsuvar Günəş Enerjisi Layihəsi və 315 MVt gücündə Neftçala Günəş Enerjisi Layihəsi. Bundan əlavə, 240 MVt gücündə Abşeron-Qaradağ Quru Külək Enerjisi Layihəsi də bu əməkdaşlığın bir hissəsidir.

Bakıda keçirilən COP29 iqlim konfransı zaman, Biləsuvar və Neftçala günəş parkları üçün mühüm maliyyə sazişləri imzalandı. Bu tərəfdaşlıq Azərbaycanın bərpaolunan enerji transformasiyasında əhəmiyyətli bir addım olub, “SOCAR Green”in davamlı inkişaf və iqlim tədbirlərinə olan bağlılığını vurğulayır. “SOCAR Green”, həmçinin Xəzər dənizində 3,5 GVt gücündə açıq dəniz külək layihələrinin inkişafını təmin etmək məqsədilə “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə Anlaşma Memorandumu imzalayıb. Bu təşəbbüs Azərbaycanın bərpaolunan enerji mənbələrini şaxələndirmək və regionun açıq dəniz külək potensialından istifadə etmək üçün mühüm bir addımı təmsil edir.

“SOCAR Green”in Füzuli rayonunda 160 MVt gücündə bir günəş enerjisi stansiyası inşa etmək etmək məqsədilə “China Energy” şirkəti ilə əməkdaşlıq etdiyini də qeyd etmək istəyirəm. Bununla yanaşı, bərpaolunan enerji və enerji saxlama layihələrində əməkdaşlıq etmək üçün “China Datang Corporation” və “Power China” ilə Anlaşma memorandumları imzalanıb.

- SOCAR-da davamlılıq və rəqəmsal transformasiya bir-birini necə dəstəkləyir? Şirkət bu sahələrdə hansı innovativ texnologiyalara investisiya qoyur?

- SOCAR-da davamlılıq və rəqəmsal transformasiya bir-biri ilə sıx əlaqəlidir. Rəqəmsal texnologiyalar əməliyyat səmərəliliyini artırmağa, emissiya idarəçiliyini yaxşılaşdırmağa və karbon azaldılmasını sürətləndirməyə imkan verir. Əsas təşəbbüslərimizdən biri 2024-cü ilin yanvarında başladılan və elə həmin ilin sentyabr ayında əməliyyat olaraq istifadəyə verilən “Methane.AI” proqramıdır. Süni intellekt vasitələrindən istifadə edərək yuxarı axın obyektlərimizdə metan emissiyalarını izləmək və azaltmaq üçün nəzərdə tutulan bu proqram dron, sensor və digər izləmə texnologiyalarından gələn məlumatları inteqrasiya edərək effektiv emissiya azaldılması üçün hərtərəfli azaldılma yol xəritəsi hazırlayır.

Bundan əlavə, “BCG X” şirkəti ilə əməkdaşlıq əsasında Xəzər Enerji Transformasiyası Süni İntellekt İnstitutunu yaradırıq. Bu institut SOCAR-ın əməliyyatlarında enerji səmərəliliyini artırmaq, emissiyaları izləmək və optimizasiya üçün süni intellekt əsaslı həlləri inkişaf etdirəcək. Bununla yanaşı, metan sızmalarını dəqiq müəyyən etmək və qarşısını almaq üçün peyk əsaslı metan aşkar edilməsi və dron ölçmələri kimi texnologiyalardan istifadə edirik.

Həmçinin “GHGSAT”, “Intero - The Sniffers” və “TotalEnergies” şirkətləri ilə tərəfdaşlıqlarımız emissiyaları daha dəqiq izləməyimizə imkan verir və metan azaldılması ilə əməliyyat şəffaflığına olan bağlılığımızı gücləndirir.

SOCAR davamlılıq və əməliyyat mükəmməlliyinə olan bağlılığını irəliyə apararaq inkişaf etmiş bir Monitorinq, Hesabat və Doğrulama (MRV) sistemini də tətbiq edir. “Enablon” şirkəti ilə əməkdaşlıq çərçivəsində  ətraf mühit məlumatlarının idarə edilməsi və hesabat yanaşmasını dəyişəcək sistemi işə salmaq üçün razılaşma imzalanıb. Bu platforma ətraf mühitin əsas performans göstəricilərinin məlumat toplama prosesini rəqəmsallaşdıracaq və daha səmərəli və dəqiq hesabat verəcək. MRV sistemi uyğunluq qeydiyyatı, ətraf mühit qeydləri, təsir və risk qiymətləndirmələri ilə ətraf mühit idarə panelləri kimi kritik komponentləri birləşdirərək hərtərəfli rəqəmsal platforma kimi xidmət edəcək. Sistem bu funksiyaları mərkəzləşdirərək, SOCAR-ın ətraf mühit hesabat proseslərini asanlaşdıracaq, şəffaflığı artıracaq və qərar qəbul etmə proseslərini dəstəkləmək üçün istifadə edilə bilən məlumatları təmin edəcək.

- COP29 ilə birlikdə Bakı davamlılıq yönümlü beynəlxalq bir tədbirin mərkəzinə çevrildi. SOCAR bu tədbirə ev sahibliyi edən ölkənin enerji şirkəti olaraq bu prosesə necə töhfə verdi? Zirvənin SOCAR-ın korporativ imicinə təsirləri nələrdən ibarət  oldu?

 - COP29 SOCAR üçün həlledici bir dönüş nöqtəsi idi. İqlim tədbirləri və enerji transformasiyası müzakirələrini irəli sürmək üçün zirvədə aktiv iştirak etdik və bu platformadan karbon azaldılması öhdəliyimizi nümayiş etdirmək üçün istifadə etdik. COP29 Enerji Transformasiyası Tərəfdaşı olaraq qlobal iqlim hədəflərinə və iqlim dəyişikliyi mövzusunda ortaq fəaliyyət ehtiyacına olan bağlılığımızı nümayiş etdirdik. Bu tərəfdaşlıq çərçivəsində dialoqu təşviq etmək, ən yaxşı təcrübələri bölüşmək və davamlılıq gündəmini irəli sürmək üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğuladıq. Zirvə zamanı SOCAR bərpaolunan enerjinın inkişaf etdirilməsi, emissiyanın azaldılması və rəqəmsal transformasiya kimi sahələrdə 20-dən çox qlobal tərəfdaşlıq müqaviləsi imzaladı. Bundan əlavə, OGMP 2.0, Article Six Group, Atlantic Council, BCG X, Uniper, OGDC və digər tərəfdaşlarla birlikdə bir sıra yüksək səviyyəli tədbirlər təşkil etdik. Bu tədbirlərdə metan idarəçiliyi, iqlim maliyyələşdirilməsi və davamlı enerji həlləri kimi mövzulara diqqət yetirildi.

“SOCAR Green”in COP29-un “Yaşıl Zona”sındakı pavilyonu diqqət çəkən bir element olaraq bir çox tədbirə ev sahibliyi etdi və SOCAR-ın artan davamlı həllər portfelini təqdim etdi. Bu, iqlim məsələlərində ictimaiyyətin iştirakını artırmaq və SOCAR-ın qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsi idi. Zirvə zamanı Methane.AI platforması və Xəzər Enerji Transformasiyası Süni İntellekt İnstitutu kimi mühüm təşəbbüslər başlatdıq. Bu təşəbbüslər əməliyyatlarımızda davamlılıq və yenilikçiliyi artırmaq üçün qabaqcıl rəqəmsal texnologiyaları inteqrasiya etməyi hədəfləyir.

Bu əhəmiyyətli iştiraklarımız sayəsində SOCAR-ın qlobal enerji transformasiyasında mühüm bir oyunçu kimi rolunu bir daha təsdiqləmiş olduq.

- COP29-da qəbul edilən qərarların enerji sektoruna təsirini necə qiymətləndirirsiniz?

- COP29-da qəbul edilən qərarların enerji sektoruna dərin təsir göstərəcəyini düşünürəm. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləmək üçün 2035-ci ilə qədər illik ən az 300 milyard dollar maliyyə təmin etməyi öhdələrinə götürdülər. COP29-dakı bu maliyyə öhdəlikləri bərpaolunan enerji infrastrukturunun genişləndirilməsi və qabaqcıl emissiya azaldılma texnologiyalarının tətbiqində mühüm rol oynayacaq. Bu vəziyyət enerji şirkətlərinin davamlı layihələrə sərmayə qoyması və qlobal iqlim gündəmini daha çox dəstəkləməsi üçün fürsət yaradacaq.

Bununla yanaşı, ölkələr karbon bazarları ilə bağlı 6-cı Maddənin qalan hissələri üzrə razılığa gələrək, razılaşmanın imzalanmasından təxminən 10 il keçdikdən sonra razılaşmanın bütün aspektlərini tamamladılar.

6-cı Maddə üzrə irəliləyiş xüsusilə əhəmiyyətlidir, çünki beynəlxalq karbon bazarları üçün bir çərçivə təqdim edir və şirkətlər ilə ölkələrin BMT-nin tənzimləmələrinə tabe mexanizmlər altında karbon krediti ticarəti etməsinə imkan yaradır. Bu, təmiz enerjinin qəbulunu təşviq edəcək və bərpaolunan enerjiyə qlobal keçidi sürətləndirəcək. Bu transformativ qərarların COP29-a ev sahibliyi edən Azərbaycanda qəbul edilməsindən xüsusilə qürur duyuruq.

- Önümüzdəki on il ərzində enerji sektorunun davamlılıq baxımından necə inkişaf edəcəyini düşünürsünüz?

- Önümüzdəki on il ərzində enerji sektorunda mühüm transformasiyalar görəcəyik. Ölkələr və şirkətlər karbon azaltma səylərini artırdıqca, bərpaolunan enerji (xüsusilə günəş, külək və hidrogen) artmağa davam edəcək. Rəqəmsal transformasiya da sürətlənəcək, süni intellekt, emissiya izləmə sistemləri və enerji optimallaşdırma texnologiyaları bu prosesdə mühüm rol oynayacaq. Şəbəkənin modernizasiyası da bu transformasiyanı dəstəkləmək üçün kritik əhəmiyyət daşıyacaq, bu da bərpaolunan enerji mənbələrinin inteqrasiyasını, enerji paylanmasını və şəbəkə dayanıqlığını yaxşılaşdıracaq.

Bundan əlavə, sənayelərdə və nəqliyyatda elektrifikasiyaya böyük bir keçid olacaq. Bu dəyişiklik batareya texnologiyası və infrastrukturda irəliləyişlərlə dəstəklənəcək. Eyni zamanda, karbon tutma və istifadə (CCUS) sahəsindəki irəliləyişlər azaldılması çətin olan sahələrdən yaranan emissiyaları həll etməyə kömək edəcək və qlobal davamlı enerji transformasiyasını sürətləndirəcək.

Orxan Vahidoğlu, “İki sahil”