08 may 2026 13:29
104

“Müasir Azərbaycanın Memarı – Heydər Əliyev”

Mayın 8-də “Şəhərsalma və Memarlıq ili”  çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və “X.İslamzadə 12” (“Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi”) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə  “Müasir Azərbaycanın Memarı – Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, “X.İslamzadə 12” (“Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi”) ərazi partiya təşkilatında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən  videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə acan Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin direktoru Elçin Bilalov  bildirdi ki,
Azərbaycan xalqının müasir müstəqil dövlətimizin qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü sonsuz ehtiram, qürur və minnətdarlıq hissi ilə qeyd edirik. Bu müqəddəs tarix Azərbaycan dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış şərəfli ömrün, xalqına həsr olunmuş misilsiz xidmətlərin və əbədiyaşar ideyaların təntənəsidir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın bütün bölgələrində xəstəxanalar, poliklinikalar, tibb mərkəzləri və sanatoriyalar tikilərək istifadəyə verilmiş, mövcud səhiyyə müəssisələri əsaslı şəkildə yenidən qurulmuşdur. Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığının qorunması, ana və uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirilmişdir. Heydər Əliyev səhiyyənin inkişafını xalqın gələcəyi, millətin sağlamlığı və dövlətin qüdrəti ilə birbaşa bağlı hesab edirdi.

Bu gün İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın bütün şəhər və rayonlarında ən müasir standartlara cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri tikilir, səhiyyə infrastrukturu tamamilə yenilənir. Dövlət tərəfindən həyata keçirilən sosial proqramlar və icbari tibbi sığorta sistemi vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarını daha da genişləndirir. Eyni zamanda, Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən humanitar layihələr ölkəmizdə səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına mühüm töhfələr verir.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirdi ki, Heydər Əliyev adı bu gün təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının və beynəlxalq siyasi arenasının qüdrətli dövlət xadimi, uzaqgörən lider və müdrik rəhbəri kimi böyük hörmətlə çəkilir. O, həyatının bütün mərhələlərində xalqına sədaqətlə xidmət etmiş, Vətəninin tərəqqisini hər şeydən üstün tutmuşdur. Ulu Öndərin siyasi fəaliyyəti Azərbaycanın tarixində yeni bir intibah dövrünün başlanğıcı olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və dərin zəkası nəticəsində Azərbaycan ən ağır sınaqlardan alnıaçıq çıxmışdır. 1990-cı illərin əvvəllərində ölkəmiz parçalanma, vətəndaş qarşıdurması və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xalq öz xilaskarına üz tutdu. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanda sabitlik yaratdı, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və ölkəmizi inkişaf yoluna çıxardı. O böyük şəxsiyyətin dediyi kimi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət olub.”

Bu gün qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan tarixinin ən möhtəşəm zəfəri olan 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə Heydər Əliyev ideyalarının təntənəsi, milli birliyimizin və dövlətimizin qüdrətinin bariz nümunəsi oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin simvoludur.